İQTİSADİYYAT


Azərbaycanın Körfəzin iki ən böyük ərəb dövləti ilə əlaqələrinin geniş potensialı var

Qahirə, 18 iyun, AZƏRTAC

Qlobal miqyasda, o cümlədən Yaxın Şərqdə nüfuzu daha da artan Azərbaycanın Körfəzin ərəb dövlətləri ilə əlaqələri möhkəmlənir və bu əməkdaşlığın geniş potensialı mövcuddur. Prezident İlham Əliyev bu günlərdə Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbul Qeyti qəbul etdiyi zaman vurğulayıb ki, tarixən Azərbaycan ərəb dövlətləri ilə sıx əlaqələrə malik olub, ölkələrimizi ortaq dini dəyərlər və tarix bir-birinə bağlayıb. Körfəzin Azərbaycanla daha güclü əməkdaşlıq edən iki dövləti – Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ölkəmizə böyük maraq göstərirlər.

Vaşinqtondakı Ərəb Körfəz Dövlətləri İnstitutunun (AGSIW) rəsmi saytında dərc olunmuş “Azərbaycan-Körfəz ölkələri əlaqələrinin potensialı” sərlövhəli məqalədə qeyd edilib ki, Azərbaycanın regiondakı ən böyük ticarət tərəfdaşları olan BƏƏ və Səudiyyə Ərəbistanı yeni ticarət əlaqələrinin qurulması istiqamətində, həmçinin dini radikalizmə qarşı mübarizədə səylərini daha da artırıblar. Ərəb dünyasının bu iki iqtisadi gücü Şərq-Qərb və Cənub-Şimal tranzit yollarının kəsişməsində yerləşən Azərbaycanın 2020-ci ildə öz torpaqlarını işğaldan azad etməsindən sonra geosiyasi əhəmiyyətinin artdığını müşahidə edib. İndi Körfəzin ərəb ölkələrinin nümunəsi ilə iqtisadi transformasiya siyasətini həyata keçirməyə başlayan Azərbaycanın regiondakı ən böyük ticarət tərəfdaşları Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı yeni ticarət əlaqələri yaratmaqda iqtisadi maraqları bölüşürlər.

Xəzər dənizindən Körfəzə aparan geosiyasət

Politoloqlar qeyd edirlər ki, Azərbaycan Körfəzin ərəb ölkələri, xüsusən Səudiyyə Ərəbistanı və BƏƏ ilə bir çox siyasi maraqları bölüşür. Birincisi, Bakı dini radikalizm və ekstremizmə qarşı barışmaz mövqe sərgiləyir. İkincisi, daha geniş regional təhlükəsizliklə bağlı Körfəz ölkələri Cənubi Qafqazda vasitəçi kimi çıxış edirlər. Azərbaycanı etibarlı tərəfdaş və dost ölkə kimi qiymətləndirən Səudiyyə Ərəbistanı işğalçı Ermənistanı bir dövlət kimi tanımaqdan imtina edir, BƏƏ isə Yerevanın sərmayə xahişlərinə skeptik yanaşır. Yeni qlobal və regional reallıqlar fonunda hər iki ərəb dövləti Prezident İlham Əliyevin Cənubi Qafqazda sülh və əməkdaşlıq istiqamətində təşəbbüslərini diqqətlə izləyir, rəsmi Bakı ilə əlaqələrin möhkəmlənməsinə böyük önəm verir.

Səudiyyə Ərəbistanının Kral Faysal Araşdırmalar və İslam Tədqiqatı İnstitutunun xüsusi hesabatında qeyd olunub ki, krallıq daim Azərbaycanın hüquqlarını müdafiə edib. Ər-Riyad Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının iclaslarında və İƏT-də dost ölkənin Qarabağ məsələsində ədalətli mövqeyini dəstəkləyib, Cənubi Qafqazda yeganə İslam dövlətinin maraqlarını üstün tutub. “Azərbaycanın beynəlxalq əlaqələri qonşularla münasibətlərini fəal şəkildə yaxşılaşdırmağa yönəlib. Balanslaşdırılmış siyasət yürüdən rəsmi Bakı Rusiya və Çin, həmçinin ABŞ və Avropa İttifaqı ilə yaxşı münasibətlər qurub. Yaxın Şərqdə Türkiyə və İsrail ilə konstruktiv əməkdaşlıq isə uzaqgörən və gələcəyə hesablanan xarici siyasi kurs sayıla bilər”, -deyə hesabatda vurğulanıb.

Hazırda ərəb dövlətlərinin, həmçinin qardaş Türkiyənin İsraillə münasibətləri normallaşdırması, yeni siyasi münasibətlərin formalaşması bu institutun təsbitinin doğru olduğunu göstərir. Eyni zamanda, Ankaranın Əbu-Dabi və Ər-Riyad ilə əlaqələrinin yaxşılaşması, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu yaxınlarda hər iki ölkəyə səfərləri və iyulun 22-də Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın da Türkiyəyə gözlənilən rəsmi səfəri Azərbaycan diplomatiyası üçün də əlavə imkanlar yaradır.

Azərbaycanla Körfəzin ərəb ölkələri arasında iqtisadi əməkdaşlığın
yeni mərhələsi

Son illərdə Azərbaycan bir çox sahələrə, ilk növbədə, turizm və bərpaolunan enerjiyə sərmayə yatırmaqla öz iqtisadiyyatının qeyri-neft sektorunu inkişaf etdirmək istiqamətində mühüm layihələr həyata keçirir. Karbohidrogen ehtiyatlarından asılılığı azaldan Körfəz ölkələri, xüsusən də Səudiyyə Ərəbistanı və BƏƏ bu iqtisadi transformasiya üçün nümunəvi modeldir. Üstəlik, Azərbaycan hazırda işğaldan azad olunmuş və dağıdılmış Qarabağ bölgəsinə xarici investorları cəlb etməyə çalışır.

Tranzit ölkə kimi Azərbaycan yeni ticarət yollarının, nəqliyyat dəhlizlərinin yaradılmasına xüsusi önəm verir. Vətən müharibəsində Qələbədən sonra rəsmi Bakının Çinin “Bir kəmər və bir yol” təşəbbüsü ilə Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin kəsişməsində yerləşməsi ona Körfəz ölkələri və digərləri ilə əlaqəni artıraraq daha böyük rol oynamaq imkanı yaradır. Bundan başqa, Azərbaycan, Gürcüstan və İran arasında bu yaxınlarda imzalanmış saziş Körfəzi Qara dənizə birləşdirmək məqsədi daşıyır ki, bu da İranla yaxınlaşma səylərinin uğur qazanacağı təqdirdə, Körfəz ərəb dövlətləri üçün də iqtisadi imkanlar yarada bilər.

Körfəz ölkələri Azərbaycanın əsas investisiya tərəfdaşları sırasında yer alır. Hazırda Azərbaycanda Körfəzin ərəb ölkələrindən 280 şirkət fəaliyyət göstərir. Körfəzin ərəb ölkələri arasında BƏƏ Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır və 2020-ci ildə Azərbaycanın Körfəz ölkələri ilə ticarət həcminin 76 faizinə malikdir. Bu ilin yanvar-aprel aylarında Azərbaycan və BƏƏ arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 68,3 faiz artaraq 18,081 milyon ABŞ dollarına çatıb. Bunun 6,466 milyon ABŞ dolları ixracın,11,615 milyon ABŞ dolları isə idxalın payına düşüb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 20,3 faiz və 2,2 dəfə çoxdur. BƏƏ tərəfindən Azərbaycan iqtisadiyyatına 2,2 milyard ABŞ dolları, Azərbaycandan isə BƏƏ-yə 350 milyon ABŞ dollarından çox sərmayə yatırılıb. Azərbaycanda sənaye, energetika, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, nəqliyyat, xidmət və sair sahələrdə BƏƏ şirkətləri fəaliyyət göstərir.

Səudiyyə Ərəbistanı Körfəzin ərəb ölkələri arasında Azərbaycanın ikinci ən böyük tərəfdaşıdır. Cari ilin yanvarın 13-də Prezident İlham Əliyevin iştirakı ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxış edən Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdüləziz bin Salman Al Səud qeyd edib ki, Azərbaycana yatırılan 300 milyon dollara yaxın sərmayə “ACWA Power” şirkətinin Səudiyyə Ərəbistanı hüdudlarından kənarda qoyduğu ən iri sərmayədir. Bu enerji stansiyasının gücü külək hesabına əldə olunan 240 meqavat olacaq ki, bunun da sayəsində 300 min ev elektrik enerjisi ilə təmin ediləcək.

Göründüyü kimi, bu gün Azərbaycan təkcə Qərbdə və MDB məkanında deyil, eyni zamanda Yaxın Şərqdə də etibarlı tərəfdaş, qüdrətli, geniş potensialı olan ölkə kimi böyük maraq doğurur.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.