CƏMİYYƏT


Azərbaycanın Los-Ancelesdəki baş konsulu Pakistan Şurasının mükafatı ilə təltif edilib

Bakı, 10 may, AZƏRTAC

ABŞ-dakı Pakistan icmasının ən nüfuzlu təşkilatlarından olan Pakistan Şurası Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevi öz ali mükafatı ilə təltif edib. Mükafat baş konsula Pakistanın ABŞ-dakı səfiri Əsəd Məcid Xan tərəfindən Los-Ancelesdə keçirilən mərasimdə təqdim olunub. Pakistan Şurası sözügedən mükafatı N.Ağayevə dinlər, icmalar və mədəniyyətlər arasında dialoq, qarşılıqlı anlaşma və əməkdaşlığın təşviqi istiqamətindəki fəaliyyətinə görə verdiyini elan edib.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan AZƏRTAC-a bildiriblər ki, tədbirdə din xadimləri, ictimai-siyasi xadimlər, müxtəlif şəhərlərin merləri, Şəhər şuralarının üzvləri və icma nümayəndələri iştirak ediblər.

Baş konsul mərasimdə çıxış edərək təşkilata təşəkkürünü bildirib. O, Azərbaycan ilə Pakistan arasındakı tarixi dostluq əlaqələrini və bu gün müxtəlif sahələrdə həyata keçirilən güclü əməkdaşlığı qeyd edib. O, hər iki xalqın tarixən ən ağır zamanlarda bir-birinin yanında olduğunu və bu qardaşlığın bu gün iki dövlət arasında olan münasibətlərin yüksək səviyyədə inkişafı üçün güclü zəmin olduğunu qeyd edib. Diplomat Los-Ancelesdəki Pakistan icmasına daim Azərbaycanın yanında olaraq, haqq səsimizin çatdırılması və ədalət uğrunda apardığımız mübarizədə verdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Qeyd edək ki, ABŞ-da hazırda 1 milyona yaxın, Kaliforniyada isə 250 mindən çox pakistanlı yaşayır və bu icmanın ABŞ-ın ictimai-siyasi həyatında rolu dayanmadan artır. Azərbaycanın multikulturalizm və dinlərarası harmoniya modelinin Los-Ancelesdə tanıdılması üçün Baş Konsulluq burada yaşayan həm Pakistan icması, həm də bir çox digər etnik və dini icmalarla sıx əməkdaşlıq edir, mütəmadi qaydada müxtəlif dinləri və mədəniyyətləri bir araya gətirən tədbirlər keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.