CƏMİYYƏT
Azərbaycanın Malayziyadakı səfirliyində yeni ailə quran gənclərə nikah haqqında şəhadətnamə təqdim edilib
Kuala-Lumpur, 11 avqust, AZƏRTAC
COVID-19 pandemiyası ilə mübarizədə tətbiq olunan məhdudiyyətlər digər dövlət qurumları kimi, diplomatik xidmət orqanlarının da ənənəvi iş rejiminə mənfi təsir göstərsə də, xaricdəki səfirliklərimiz fəaliyyətini uğurla davam etdirir, Vətəndən kənarda olan soydaşlarımızın sənədləşmə və digər zəruri konsulluq xidməti ilə bağlı məsələlərini vaxtında həll etməyə çalışır.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Malayziyadakı səfirliyi çətin dövrə baxmayaraq, olduqca xoş ovqat yaradan bir hadisəyə ev sahibliyi edib. Belə ki, hazırda Malayziyada yaşayan Azərbaycan vətəndaşı Şaban Heydərov səfirliyə müraciət edərək, Özbəkistan vətəndaşı Mərcona Məcidova ilə rəsmi nikaha girmək arzusunu bildirib.
Səfirliyimizin Kuala-Lumpur şəhərindəki inzibati binasında müvafiq sənədləşmə işləri aparıldıqdan sonra nikah aktı rəsmiləşdirilib.
Nikah haqqında şəhadətnaməni gənc cütlüyə şəxsən təqdim edən səfir Qaley Allahverdiyev onlara təbriklərini çatdırıb, xoşbəxtlik, ailə səadəti və gələcək işlərində uğurlar arzulayıb. Q.Allahverdiyev belə ailələrin dost və qardaş ölkələr arasında münasibətlərin möhkəmlənməsinə xüsusi töhfə verdiyini qeyd edib.
Nikah aktının şahidlərindən olan Özbəkistanın Malayziyadakı səfirliyinin konsulu Nəsimxon Alixanov da yeni ailə quran gəncləri təbrik edib.
Gənc cütlük hazırda tətbiq olunan karantin rejimindən irəli gələn məhdudiyyətlərə baxmayaraq, onlara göstərilən xidmətə və qayğıkeşliyə görə təşəkkürünü bildirib, bu mərasimin onlar üçün ikiqat əziz və unudulmaz olduğunu vurğulayıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala-Lumpur