İQTİSADİYYAT
Azərbaycanın Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti ilə Moldovanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Mərkəzi arasında anlaşma memorandumu imzalanmışdır
Bakı, 24 dekabr (AZƏRTAC). Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti ilə Moldova Respublikasının maliyyə monitorinqi orqanı olan Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Mərkəzi arasında PL/TMM sahəsində məlumat mübadiləsi sahəsində anlaşma memorandumu imzalanmışdır.
Anlaşma memorandumunu Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin və Moldova Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Mərkəzinin direktorları imzalamışlar.
Maliyyə Monitorinqi Xidmətindən AZƏRTAC-a bildirmişlər ki, memorandum Avropa Şurasının MONEYVAL Komitəsinin Strasburq şəhərində keçirilən plenar iclası çərçivəsində imzalanmışdır.
Anlaşma memorandumu tərəflər üçün hüquqi öhdəlik yaratmamaqla, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə iki xidmət arasında həyata keçirilən məlumat mübadiləsi prosedurlarını tənzimləyir, eləcə də qurumlar arasında əməkdaşlıq münasibətlərinin daha da genişlənməsinə xidmət edir.