MƏDƏNİYYƏT


Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərova haqqında videoçarx yayımlanıb

Bakı, 13 avqust, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası Azərbaycanın Milli Qəhrəmanı, Şəhid jurnalist Salatın Əsgərova haqqında videoçarx hazırlayıb.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxda Milli Qəhrəmanın həyat yolu geniş şəkildə əks olunub.

Salatın Əsgərova 1961-ci il dekabrın 16-da Bakıda ziyalı ailəsində anadan olub. 1979-cu ildə Bakı şəhəri M.Müşfiq adına 18 nömrəli orta məktəbi bitirib, elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olub.

1988-1989-cu illərdə Qarabağda baş verən hadisələr, azərbaycanlıların başına gətirilən hadisələr Salatın Əsgərovanı tamam başqa sahəyə gətirir. Universitetin mühəndislik fakültəsini bitirsə də, o,“Molodyoj Azerbaydjana” qəzetində jurnalist kimi fəaliyyət göstərir. Qəzetin əməkdaşı kimi müharibənin ilk günlərindən hərbi mövzuda yazılar yazır, tez-tez cəbhənin qaynar nöqtələrində olur. Hazırladığı reportajlarla müharibənin ən qızğın nöqtələrindən xəbər verən Salatın qısa müddət ərzində geniş oxucu kütləsi yığmağı bacarır.

Bir oğul anası olan Salatın onun gələcəyi, əmin-amanlıq içərisində yaşaması üçün bu çətin yolu seçir, qəfil ölüm onu haqlayır. Daim ön cəbhədə olan Salatın Əsgərova bir gün oradan geri dönə bilmir. İnsanlar onun yazılarını gözləyərkən ölüm xəbəri gəlir. 1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında onun olduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulur və elə oradaca qətlə yetirilir.

Qeyrətli Vətən qızı Salatından geriyə torpaq üçün göstərdiyi qəhrəmanlıqları, vaxtında hazırladığı reportajları və bir oğlu qalıb. Hazırda o da anasının yolunu davam etdirərək jurnalist kimi fəaliyyət göstərir.

Vəfatından sonra Azərbaycanın qəhrəman qızı Bakıda Şəhidlər Xiyabanında dəfn olunur.

Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 6 noyabr tarixli Fərmanı ilə Salatın Əziz qızı Əsgərovaya ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilir. Hazırda Bakı şəhərində adına bir küçə var. Bakı buxtasındakı gəzinti katerlərindən biri də onun adını daşıyır. Yaşadığı binaya barelyefi vurulub.

Videoçarxa aşağıdakı keçidlərdə baxa bilərsiniz:

https://youtu.be/0M709efkE0U 

https://instagram.com/sabuncurayon_mks?igshid=1rzcsf010fr9k 

https://www.facebook.com/profile.php?id=100008315450393 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.