CƏMİYYƏT
Azərbaycanın Milli Qəhrəmanının xatirəsinə
Bakı, 25 aprel, AZƏRTAC
Azərbaycandan çıxmış yəhudilərin böyük icmasının olduğu İsrailin qədim Akko şəhərində Azərbaycanın Milli Qəhrəmanı, öz həyatını Dağlıq Qarabağ uğrunda qurban vermiş Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş xatirə tədbiri keçirilib.
Mərasimi açan Akko şəhər bələdiyyəsinin Qafqaz yəhudiləri ilə iş üzrə əlaqələndiricisi Təranə Abramova yəhudi xalqının igid oğlunun həyatından və qəhrəmanlığından bəhs edib.
"Azİz" - Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman erməni işğalçılarının qətlə yetirdiyi hər bir şəhidin xatirəsinin Azərbaycan xalqı üçün nə qədər əziz olmasından danışıb. Albert Aqarunovun xatirəsi daha əzizdir, çünki yəhudi olan bu qəhrəman səmimi qəlbdən hesab edirdi ki, öz Vətəni qarşısında borcunu Azərbaycanın digər vətəndaşları ilə birlikdə yerinə yetirməlidir. Albert müharibəyə igid döyüşçü kimi gedib və əsl qəhrəman kimi həlak olub. Dövlət ona ölümündən sonra Milli Qəhrəman adı verib. Bakıda küçə, qəhrəmanın oxuduğu məktəbə onun adı verilib, Albert Aqarunovun xatirə guşələri, Qırmızı Qəsəbədə evinin divarında barelyefi açılıb. Azərbaycan xalqı və hökuməti Albert Aqarunovun igidliyini əziz tutur, onun xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşaması üçün hər şeyi edirlər.
Xatirə mərasimində qəhrəmanın yaxınları – qardaşları Robert və Yuri, bacıları Sofiya və Bela, baldızı Janna və Albert Aqarunovu yaxından tanıyanlar çıxış ediblər. Onlar deyiblər ki, Albertin həyatdan nakam getməsinə baxmayaraq, onun xatirəsi əbədi olaraq insanların qəlbində yaşayacaq.
İsrail Yazıçılar İttifaqının üzvü, şairə Batsion Abramova Xocalı qurbanlarının, Qarabağ müharibəsində həlak olanların və Albert Aqarunovun xatirəsinə həsr etdiyi şeirlərini oxuyub.
Tanınmış rəssam Ariyel Aqarunov xüsusi olaraq qeyd edib ki, Azərbaycan və yəhudi xalqlarının həqiqi dostluq və qardaşlıq münasibətləri, Azərbaycan xalqının tolerantlığı kağız üzərində deyil, bir həqiqətdir.
Kiryat-Byalik şəhəri merinin müavini Naxum Raçevski toplaşanları salamlayaraq "Azİz" - Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının İsrailin Azərbaycan İcmasının öz kökü ilə əlaqələrinin qorunub saxlanılmasında mühüm rolunu qeyd edib.
Mərasimdə Milli Qəhrəmanın yubileyi şərəfinə Azərbaycan bəstəkarı Aynur Kərimbəyovanın "Vətən oğlu Albert" klipi nümayiş etdirilib.
Tədbir iştirakçıları qəhrəmanın həyatı və rəşadətinə həsr olunmuş "Yaşadığım torpaq" sənədli filminə böyük maraqla tamaşa ediblər.
Azərbaycanın Milli Qəhrəmanının yaxınları tədbirin təşkilatçılarına təşəkkür ediblər.