SİYASƏT
Azərbaycanın Minskdəki səfirliyi Musa Mərcanlının “Ermənilik. Rusiya. Qafqaz” kitabını belarus dilində nəşr etmişdir
Minsk, 12 noyabr (AZƏRTAC). Noyabrın 11-də Minskdə azərbaycanlı tarixçi və yazıçı Musa Mərcanlının belarus dilinə tərcümə edilmiş “Ermənilik. Rusiya. Qafqaz” kitabının təqdimatı keçirilmişdir. Bu nəşr ermənilər Cənubi Qafqaz regionuna köçürüldükdən sonra onların bu bölgədəki avtoxton xalqlar və Rusiya ilə qarşılıqlı münasibətlərinə həsr edilmişdir.
Azərbaycanın Belarusdakı səfiri Əli Nağıyev təqdimat mərasimini açaraq kitabın müəllifinə, “Varaksin” nəşriyyatına və kitabın tərcüməçisinə təşəkkürünü bildirmişdir.
Diplomat demişdir ki, Musa Mərcanlının topladığı material həqiqətən diqqətəlayiqdir, ona görə də Azərbaycanın Belarusdakı səfirliyi bu kitabın belarus dilində nəşrini həyata keçirmişdir. Müəllifin nüfuzlu mənbələrə, arxiv sənədlərinə əsaslanan mühakimələri sayəsində kitab tarixi həqiqətləri düzgün əks etdirir. Ə.Nağıyev belarus dilinin rolunun artmaqda olmasını da qeyd etmişdir.
Səfir vurğulamışdır ki, bu gün belarus dilinin dirçəldilməsi üçün fəal iş aparılır, ən müxtəlif sahələrdə bu dildə danışmağa başlayırlar. Bu tarixi əsəri məhz belarus dilində nəşr etməyə bizi sövq edən də bu amil olmuşdur.
Kitabı Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin və Belarus Dövlət İqtisad Universitetinin məzunu yazıçı Esmira İsmayılova tərcümə etmişdir. Artıq 15 il Belarusda yaşayan istedadlı həmvətənimiz bu ölkənin dövlət dilini mükəmməl bilir.
Kitabın təqdimat mərasimində Belarus Yazıçılar İttifaqının Respublika Ədəbiyyat Fondu Şurasının sədri, əməkdar jurnalist Slavomir Antonoviç, jurnalist və yazıçı Qalina Şarayeva, Belarusdakı Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov, Belarus Dövlət İqtisad Universitetinin tələbələri Elvira İmanova və Yuliya Sonqina da çıxış etmişdir.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu nəşr Belarus ictimaiyyətinin böyük marağına səbəb olmuşdur.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk
######