ELM VƏ TƏHSİL


Azərbaycanın Misirdəki diaspor rəhbəri əl-Əzhər Universitetinin rektoru ilə əməkdaşlıq məsələlərini müzakirə edib

Qahirə, 17 sentyabr, AZƏRTAC

“Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov dünyanın ən qədim və ən böyük universitetlərindən olan əl-Əzhər Universitetinin rektoru professor Məhəmməd əl-Məhrasavi ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında tarixi, mədəni və siyasi əlaqələrdən, təhsil sahəsində əməkdaşlıqdan söhbət açılıb. Seymur Nəsirov xalqlarımız arasında əlaqələrin inkişafında Azərbaycan dilinin tədrisinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq, bu sahəyə verdiyi dəstəyə görə Məhəmməd əl-Məhrasaviyə təşəkkürünü bildirib. Diaspora sədri öz tərəfindən Azərbaycan dili və ədəbiyyatının tədrisində hər cür dəstəyi verməyə hazır olduğunu qeyd edib.

Görüşün əsas mövzularından biri Azərbaycan İlahiyyat İnstitutu ilə əl-Əzhər Universiteti arasında əlaqələr qurulması olub.

Seymur Nəsirov Azərbaycana səfəri çərçivəsində Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədovla bu ali təhsil müəssisəsi və Misir universitetləri arasında əməkdaşlıq məsələlərini müzakirə edib. Aİİ-nin rektoru Ceyhun Məmmədov ali məktəbin xarici ölkə universitetləri, o cümlədən əl-Əzhər universiteti ilə əlaqələr qurulmasında maraqlı olduğunu qeyd edib.

Məhəmməd əl-Məhrasavi Azərbaycanın Misirlə dost və qardaş ölkə olduğunu bildirərək hər zaman Azərbaycan universitetləri ilə əməkdaşlıq etməyə və əl-Əzhər universitetində təhsil alan azərbaycanlı tələbələrə lazımi dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb. Rektor Əl-Əzhər universitetində təhsil alan tələbələrə verdiyi dəstəyə görə Seymur Nəsirova təşəkkürünü bildirib.

Qeyd edək ki, Əl-Əzhər Universiteti 972-ci ildə fəaliyyətə başlayıb və hazırda orada dünyanın 115 ölkəsindən tələbə təhsil alır. Universitetdə tələbələrin ümumi sayı yüz minlərlədir. Bu universitetin Humanitar fənlər fakültəsində 300-dən çox tələbəyə Azərbaycan dili tədris olunur. Tədrisi diaspora sədrinin köməkçisi İnarə Osmanova aparır.

 

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.