SİYASƏT
Azərbaycanın Misirdəki səfirliyi ictimaiyyətə Xocalı soyqırımı haqqında geniş məlumat verir
Qahirə, 26 fevral (AZƏRTAC). Xocalı soyqırımı haqqında həqiqətin çatdırılması, o cümlədən ictimaiyyəti cəlb etməklə xatirə tədbirlərinin keçirilməsi Misirin aparıcı KİV-lərində materiallar dərc edilməsi sahəsində Azərbaycanın Misirdəki səfirliyinin apardığı geniş miqyaslı iş çərçivəsində bu ərəb ölkəsində həmçinin kitablar və digər nəşrlər yayılır. Onların arasında ingilis dilində buraxılan İRS-Heritage jurnalı da vardır. Bu jurnal dünyanın 70 ölkəsində yayılır.
Beynəlxalq jurnalın növbəti nömrəsi Azərbaycan xalqının tarixində ən qanlı səhifələrdən biri olan Xocalı soyqırımının 21-ci ildönümü ərəfəsində çapdan çıxmışdır. Təbii ki, jurnalın əsas materialları bu faciəvi tarixə həsr olunmuşdur.
Nəşrin baş redaktoru Musa Mərcanlı redaktor sütununda yazır ki, bu mövzu, Xocalıda dinc insanlara – uşaqlara, qadınlara, qocalara vəhşicəsinə divan tutulması barədə həqiqəti xarici auditoriyaya çatdırmağa çalışan jurnalın səhifələrində dəfələrlə işıqlandırılmışdır. Xocalı faciəsindən dərhal sonra dünyanın aparıcı KİV-lərinin 15 jurnalistindən ibarət qrupu Ağdamadək müşayiət etmiş müəllif qanlı hadisələrin baş verdiyi yerdə qarşılaşdığı dəhşətli mənzərə haqqında öz xatirələrini bölüşür.
Azərbaycan Respublikası hərbi prokurorunun keçmiş birinci müavini, Azərbaycana qarşı Ermənistanın təcavüzü zamanı törədilmiş cinayətlərin təhqiqi üzrə birgə əməliyyat-istintaq qrupunun rəhbəri İlham Məmmədovun jurnalda dərc olunmuş məqaləsi belə adlanır: “Bəşəriyyətə qarşı cinayətlərə görə beynəlxalq-hüquqi məsuliyyət”. Məqalədə müəllif bəşəriyyətə qarşı cinayətlərə görə məsuliyyəti müəyyən edən beynəlxalq hüquqi sənədlərə istinad edir.
Jurnalın bu nömrəsinə Rusiya yazıçısı və publisisti Yuri Pompeyevin “Kütləvi qətlin xronikası” adlı məqaləsi və digər materiallar da daxil edilmişdir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə