SİYASƏT
Azərbaycanın Moldovadakı səfirliyində Ulu Öndərin anadan olmasının 94-cü ildönümü anılıb
Bakı, 11 may, AZƏRTAC
Azərbaycanın Moldovadakı səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları səfirliyin binasında ucaldılan Ulu Öndərin büstü önünə tər çiçəklər düzərək xatirəsini ehtiramla yad ediblər.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Ümummilli Liderin müasir, müstəqil Azərbaycanın inkişafı naminə gördüyü işlərdən geniş söz açılıb.
Mərasimdə çıxış edən səfir Qüdsi Osmanov müstəqil dövlətimizin qurucusu və memarı Heydər Əliyevin Azərbaycan tarixindəki rolu, həyata keçirdiyi islahatlar bərədə və onun layiqli davamçısı Prezident İlham Əliyevin apardığı uğurlu xarici və daxili siyasət nəticəsində ölkəmizdə bütün sahələrdə müşahidə olan inkişafdan bəhs edib.
Diplomat qonaqlara məlumat verib ki, 2018-ci ildə Heydər Əliyevin 95-ci ildönümü münasibətilə səfirliyin önündə abadlaşdırma işləri aparılacaq və Ulu Öndərin heykəli ucaldılacaq. Heykəl şəhərin mərkəzində yerləşərək, səfirlik ilə əhəng kompleks yaradacaqdır.
Moldova Azərbaycan konqresinin rəhbəri Vüqar Novruzov ulu öndər Heydər Əliyevin dünya azərbaycanlılarının birliyi naminə gördüyü əvəzsiz işlərdən danışıb.
Sonra Moldovada təhsil alan azərbaycanlı və xarici tələbələrin iştirakı ilə səfirlikdə "Heydər Əliyev - Azərbaycan dövlətinin banisi" adlı “dəyirmi masa” təşkil edilib.
Heydər Əliyevin həyatı və fəaliyyətini əks etdirən film nümayiş olunub.
Gənclər xarici qonaqlara Ulu Öndərin Azərbaycan xalqının tarixində rolu və xidmətləri barədə məlumat veriblər.