ORDU
Azərbaycanın Müdafiə Nazirliyi: Silahlı Qüvvələrimizin düşmənə cavabı daha ciddi, qətiyyətli və amansız olacaq VİDEO
Bakı, 6 fevral, AZƏRTAC
Fevralın 5-də axşam saatlarından başlayaraq gecə ərzində Tovuzun Əlibəyli kəndi Ermənistan ərazisindən müxtəlif çaplı silahlardan intensiv atəşə tutulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, düşmən Silahlı Qüvvələrimizin mövqeləri ilə yanaşı, dinc əhaliyə, sakinlərə məxsus evlərə və digər tikililərə atəş açıb. Atılan yandırıcı güllələrdən kənd ərazisindəki evlərdən biri yanıb, vətəndaşların şəxsi əmlakına xeyli ziyan dəyib, bir sakin yaralanıb.
Ermənistan silahlı qüvvələrinin rəhbərliyi beynəlxalq hüququn normaları və prinsiplərinə riayət etməyərək heç bir hərbi əhəmiyyət kəsb etməyən obyektləri, dinc sakinləri, mülki əhalinin şəxsi əmlakını atəşə məruz qoymaqla Azərbaycan tərəfini adekvat addımlar atmaqla təxribata cəlb etmək məqsədi güdür.
Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvvələrinin hədəfi heç vaxt mülki əhali və qeyri-hərbi obyektlər olmayıb. Dinc əhaliyə qarşı törətdikləri bu əməllərə görə düşmən məsuliyyət daşımalı, ordumuzun ermənilərin hərbi hədəflərinin məhv edilməsi məqsədilə görəcəyi cavab tədbirləri isə daha ciddi, qətiyyətli və amansız olacaq.