Azərbaycanın Müstəqillik Günü Batumidə təntənəli şəkildə qeyd olunub
AzerTAg.az
Tbilisi, 26 may, AZƏRTAC
Azərbaycan Respublikasının baş konsulluğunun təşkilatçılığı və dəstəyi ilə Batumidə 28 May - Müstəqillik Gününə həsr olunmuş elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Acarıstan Muxtar Respublikası hökumətinin sədri Tornike Rijvadze, Ali Məclisin sədri Davit Gabaidze, Batumi şəhərinin meri Arçil Çikovani, kənd təsərrüfatı naziri Zaza Şavadze, Türkiyənin Batumidəki baş konsulu Rıza Kağan Yılmaz, Şota Rustaveli adına Batumi Dövlət Universitetinin rektoru Merab Xalvaşi, SOCAR-ın Acarıstan nümayəndəliyinin rəhbəri, Azərbaycan icmasının nümayəndələri, universitetin professor-müəllim heyəti, tələbələr və KİV nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib.
Baş konsul Pərviz İsmayılzadə çıxış edərək müasir Azərbaycan Respublikasının 1918-ci ilin may ayından 1920-ci ilin aprel ayınadək mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olduğunu, məhz həmin dövrdə Azərbaycan xalqının müstəqilliyinin, azadlığının, suverenliyinin bərpa olunduğunu qeyd edib. Bildirib ki, 1918-ci il mayın 28-də Tbilisidə müsəlman Şərqində ilk demokratik respublikanın yaradılması ilə bağlı İstiqlaliyyət Bəyannaməsi qəbul edilib, Cümhuriyyətin parlamenti, hökuməti, ordusu, milli pul vahidi və digər dövlətçilik atributları təsis olunub.
Diplomat qeyd edib ki, bu gün yaranmasının 105 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti həm də milli dövlətçilik ənənələrinin bərpasında müstəsna rol oynayıb.
Baş konsul deyib ki, 1920-ci il aprel işğalından və Cümhuriyyətin süqutundan sonra 1907-ci ilin martında istifadəyə verilmiş Bakı-Batumi neft kəmərindən istifadə dayandırılıb. Onun istismarı yalnız 1923-cü ildə bərpa olunub.
Qeyd olunub ki, XX əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Bununla da Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti sürətli inkişaf yoluna qədəm qoydu. Ümummilli Liderin siyasi xətti 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu Öndərin müəllifi olduğu Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın və Gürcüstanın regionda aparıcı dövlətlərə çevrilməsində, iqtisadi inkişafında, dünyada mövqelərinin möhkəmlənməsində mühüm rol oynayır. Azərbaycan Gürcüstanın ən iri iqtisadi-ticari tərəfdaşlarından biridir.
Sonra tədbirdə iki ölkə arasında dostluq münasibətlərinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyevə və Gürcüstanın keçmiş Prezidenti Eduard Şevardnadzeyə həsr edilmiş sənədli film nümayiş olunub.
Acarıstan Muxtar Respublikası hökumətinin sədri Tornike Rijvadze Azərbaycan xalqını Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi və 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib. O, Gürcüstan və Azərbaycan arasında mövcud olan sıx əməkdaşlığın, strateji tərəfdaşlığın son illərdə daha da inkişaf etdiyini bildirib.
Acarıstan Ali Məclisinin sədri Davit Gabaidze çıxışında deyib ki, Müstəqillik Günü bütün ölkələr üçün vacib bayramlardan biridir.
Türkiyə Respublikasının Batumi şəhərindəki baş konsulu Rıza Kağan Yılmaz çıxış edərək, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü və 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına və tədbir iştirakçılarına təbriklərini çatdırıb.
Rektor Merab Xalvaşi bildirib ki, Şota Rustaveli adına Batumi Dövlət Universiteti Azərbaycanın səkkiz aparıcı universiteti ilə uzunmüddətli əməkdaşlıq edir və bu ali təhsil ocaqları arasında qarşılıqlı mübadilə proqramları, birgə təhsil layihələri həyata keçirilir.
E.Şevardnadzenin qızı Manana Şevardnadze tərəfindən şəxsi arxiv materialları əsasında hazırlanmış, Ümummilli Lider Heydər Əliyevə və Gürcüstanın keçmiş Prezidenti Eduard Şevardnadzeyə həsr olunmuş sənədli film baş konsulluq tərəfindən universitetə hədiyyə edilib.
Çıxışlardan sonra Ulu Öndər Heydər Əliyevin və Eduard Şevardnadzenin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.
Tədbirin sonunda qonaqlara Azərbaycan mətbəxinin ləziz nümunələri təqdim edilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi





Xəbərin mətnində orfoqrafik səhv var