SİYASƏT


Azərbaycanın Müstəqillik Günü Hindistanda qeyd olunub VİDEO

Pekin, 26 may, AZƏRTAC

Azərbaycanın Hindistandakı səfirliyi 28 May – Müstəqillik Günü münasibətilə paytaxt Dehlidə rəsmi qəbul təşkil edib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, diplomatik nümayəndəlik rəhbərlərinin, işgüzar dairələrin, ictimaiyyətin və medianın nümayəndələrinin iştirak etdikləri tədbirdə səfir Əşrəf Şıxəliyev müsəlman Şərqində ilk dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu qısa vaxtda görülən işlərdən, qazanılan nailiyyətlərdən danışıb. Bildirib ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan bir çox çətinliklərlə üzləşmişdi. Xalqın tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin siyasəti nəticəsində Azərbaycan dövlət müstəqilliyini möhkəmləndirərək, inkişaf yoluna qədəm qoyub. Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edərək nüfuzlu ölkəyə çevrilib.

Səfir Ə.Şıxəliyev Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan olunduğunu qeyd edərək, Şuşanın Azərbaycan mədəniyyətində oynadığı vacib roldan danışıb. O, Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçildiyini, Azərbaycanın mədəniyyət paytaxtı olan bu şəhərdə bir çox mədəni tədbirlərin təşkil olunduğu barədə məlumat verib.

Cari ildə Azərbaycanla Hindistan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünün qeyd olunduğunu bildirən səfir Ə.Şixəliyev, iki ölkə münasibətlərindən söz açıb. O, ölkələrimiz arasında iqtisadi münasibətlərin inkişaf etdiyini, Azərbaycanda xeyli sayda Hindistan şirkətlərinin fəaliyyət göstərdiyini söyləyib. Pandemiyadan öncəki dövrdə hindistanlı turistlərin ölkəmizə səfərlərinin kəskin surətdə artdığını vurğulayan diplomat, yaxın vaxtlarda Bakı və Dehli arasında açılacaq birbaşa hava əlaqəsi nəticəsində qarşılıqlı səfərlərin daha da çoxalacağına ümidvar olduğunu bildirib. Səfir Hindistan kino şirkətlərinin Azərbaycanda film çəkilişinə marağın artdığını məmnunluqla vurğulayıb.

Dehli şəhərindəki Şri Ram Bharatiya Kala Kendra İnstitutunda klassik hind rəqsi üzrə təhsil alan həmvətənimiz Türkan Sadıqzadə mərasimdə Azərbaycanın milli rəqslərini ifa edib.

Tədbirdə Azərbaycan musiqisinin sədaları altında ölkəmizin mədəniyyətinə, tarixinə, turizm məkanlarına və milli mətbəxinə aid videoçarxlar nümayiş etdirilib. İştirakçılar Şuşa şəhərinin füsunkar təbiətini, tarixi-memarlıq abidələrini əks etdirən fotosərgi, habelə Azərbaycanın tarixi və mədəniyyətinə, işğaldan azad olunmuş ərazilərə dair kitab və jurnal sərgisi ilə də tanış olublar. Bundan başqa, qonaqlara Şuşa şəhərinin simvolu olan Xarıbülbül çiçəyi formasında hazırlanmış döş nişanları hədiyyə edilib.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.