SİYASƏT


Azərbaycanın Müstəqillik Günü Qırğızıstanın Kant şəhərində Heydər Əliyev küçəsində qeyd olunub

Bişkek, 29 may, АZƏRTAC

28 May – Azərbaycanın Müstəqillik Günü Qırğızıstanın paytaxtı Bişkek yaxınlığındakı Kant şəhərində azərbaycanlıların yığcam yaşadığı məkanda - Heydər Əliyev küçəsində qeyd olunub.

AZƏRTAC xəbər verir ki, Qırğızıstandakı “Azəri” İctimai Birliyinin təşəbbüsü ilə soydaşlarımız və digər millətlərin nümayəndələri Heydər Əliyev küçəsində iməcilik keçirərək təmizlik, səliqə-sahman və abadlıq işləri görüblər.

Sonra Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və səfirliyin əməkdaşlarının, Kant şəhərinin bələdiyyə başçısı Ulan Maylibaşevin, bələdiyyə əməkdaşlarının, Azərbaycan icması təmsilçilərinin və sakinlərin iştirakı ilə aksiya keçirilib.

Tədbiri açan Bişkekdəki “Azəri” İctimai Birliyinin rəhbəri Əzizağa Əliyev Azərbaycanın müstəqilliyinin yenidən qazanılmasında və möhkəmlənməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin böyük rol oynadığını qeyd edib, Qırğızıstan-Azərbaycan əlaqələrinin genişlənməsində Ulu Öndərin xidmətlərindən danışıb.

Kant şəhərinin bələdiyyə başçısı Ulan Maylibaşev şəhərdə yaşayan 30-dan çox millətin və rəhbərlik etdiyi idarəetmə orqanı adından Azərbaycanın Müstəqillik Gününü təbrik edib. Kant şəhərində Heydər Əliyev adına küçənin olması ilə fəxr etdiyini bildirib.

Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov AZƏRTAC-ın müxbirinə deyib: “Bu gün ulu öndər Heydər Əliyevin adını daşıyan küçədə Müstəqillik Gününü qeyd etmək mənim üçün qürurvericidir. Bu küçədə müxtəlif millətlərin təmsilçiləri dost, qardaş kimi yaşayırlar. Bu da Qırğızıstanda xalqlar arasında heç bir ayrı-seçkiliyin olmaması və onların dinclik, əmin-amanlıq şəraitində yaşaması deməkdir”.

Səfir fikirlərini ümummilli lider Heydər Əliyevin sözləri ilə tamamlayıb: “Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır”.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.