SİYASƏT


Azərbaycanın Müstəqillik Günü münasibətilə Buxarestdə rəsmi qəbul keçirilib

Buxarest, 25 may, AZƏRTAC

Azərbaycanın Rumıniyadakı səfirliyi tərəfindən Buxarestdə yerləşən “Marriot” otelində Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə fəxri qonaq qismində Rumıniyanın energetika naziri, Azərbaycan Respublikası Hökuməti ilə Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqədar və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiya”nın Rumıniya tərəfindən həmsədri Virgil Daniel Popescu, həmçinin Rumıniya Prezidentinin Administrasiyası, Nazirlər Kabineti, XİN-in nümayəndələri, Rumıniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə İşçi Qrupun üzvləri, Rumıniyada akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, təhsil ocaqlarının rəhbərləri, professor və müəllimlər, ziyalılar, din xadimləri, tanınmış iş adamları, aparıcı KİV-lərin nümayəndələri, Rumıniyadakı türk və tatar icmalarının nümayəndələri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.

Tədbirdə Azərbaycan və Rumıniyanın Dövlət himnləri səsləndirilib. Qəbulu giriş sözü ilə açan Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfov mayın 28-də qeyd olunan Müstəqillik Gününün dünya azərbaycanlıları üçün tarixi əhəmiyyət kəsb edən hadisə olduğunu diqqətə çatdırıb. O, 1918-ci ilin 28 may tarixində elan edilən Azərbaycan Xalq Cümhuriyyətinin Şərq aləmində ilk dəfə demokratik, hüquqi dövlət olduğunu bildirib, qısa bir zamanda dövlətimizin, müstəqilliyimizin əsaslarının yaradıldığı haqqında danışıb. Diplomat Azərbaycanın 1991-ci ildə yenidən öz müstəqilliyinə qovuşduqdan sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında zəngin dövlətçilik ənənələrinin bərpa və inkişaf etdirildiyini, bu siyasətin Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirildiyini, müasir Azərbaycanın siyasi sabitliyə, dinamik inkişafa malik ölkə kimi tanındığını vurğulayıb. Səfir qeyd edib ki, məhz bu siyasətin nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında dövlətimiz 44 günlük Vətən müharibəsində Qələbə qazanıb və torpaqlarımızın ərazi bütövlüyünü təmin edib. Azərbaycan-Rumıniya əlaqələrindən danışan Hüseyn Nəcəfov, ikitərəfli münasibətlərimizin ənənəvi olaraq dinamik şəkildə inkişaf etdiyini, Rumıniyanın Azərbaycanın regionda yeganə strateji tərəfdaşı, həmçinin Avropa İttifaqında ən yaxın təfərdaşlarından biri olduğunu qeyd edib. O həmçinin bu il Azərbaycan-Rumıniya diplomatik münasibətlərinin yaranmasının 30-cu ildönümünün qeyd olunduğunu vurğulayıb. Daha sonra fəxri qonaq qismində iştirak edən nazir Virgil Daniel Popescu çıxış edərək, Müstəqillik Günü münasibətilə Rumıniya xalqı adından Azərbaycan xalqını təbrik edib. Nazir Rumıniyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk Avropa ölkəsi olduğunu, münasibətlərimizin inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatdığını və 30 illiyi qeyd edilən diplomatik əlaqələrimizin daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib. O, Rumıniyanın ölkəmizlə bir çox sahələrdə, o cümlədən iqtisadi sahədə də əməkdaşlığın genişləndirilməsinə tərəfdar olduqlarını bildirib. Tədbirdə, həmçinin Rumıniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Kristian-Daniel İvanutsa çıxış edib, ölkələrimiz arasındakı əməkdaşlıq əlaqələrdən bəhs edib.

Qəbulda Azərbaycanda keçirilən beynəlxalq tədbirlər ilə bağlı, eləcə də ölkəmizin tarixini, mədəniyyətini, iqtisadiyyatını, turizmini tərənnüm edən videoçarxlar nümayiş etdirilib, milli mahnılarımız səsləndirilib, qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri təqdim olunub.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.