SİYASƏT


Azərbaycanın Müstəqillik Günü və Şuşa şəhərinin təməlinin qoyulmasının 270 illiyi Peruda təntənəli şəkildə qeyd edilib VİDEO

Vaşinqton, 27 may, AZƏRTAC

Perunun paytaxtı Lima şəhərində 28 May – Müstəqillik Günü və ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərinin təməlinin qoyulmasının 270 illiyi münasibətilə rəsmi ziyafət təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Peru Konqresinin sədri Mariya Karmen del Alva Prieto, Konqresin Xarici Əlaqələr Komitəsinin sədri Ernesto Bustamante, Perunun yüksək səviyyəli rəsmiləri, Azərbaycan-Peru parlamentlərarası dostluq qrupunun rəhbərliyi və üzvləri, Lima şəhərinin nüfuzlu regionlarının bələdiyyə rəhbərləri, Peruda akkreditə olunmuş çoxsaylı səfirlər, diplomatik korpus nümayəndələri, iş adamları, elmi-akademik dairələrin və yerli KİV-in nümayəndələri, həmçinin bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.

Azərbaycanın Perudakı səfiri Məmməd Talıbov tədbirdə çıxış edərək 104 il əvvəl Şərqdə bütün vətəndaşların bərabər hüquqlarının təmin edildiyi ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixindən danışıb. O, müstəqilliyinin bərpa olunmasından sonra Azərbaycanın qısa müddət ərzində regional liderə çevrildiyini, dünyanın ən dinamik inkişaf edən iqtisadiyyatlarından birinə malik olduğunu, təşəbbüsü ilə dünyanın enerji və nəqliyyat xəritələrini dəyişmiş layihələrin reallaşdırılmasına nail olduğunu vurğulayıb.

Tədbirdə ölkəmizin beynəlxalq arenada artan nüfuzundan bəhs olunub. Qeyd edilib ki, Azərbaycanın Perunun da üzvü olduğu Qoşulmama Hərəkatına sədrliyi dövründə fəaliyyəti bütün üzvlər tərəfindən yüksək qiymətləndirilib. Azərbaycanın multikultural və mədəniyyətlərarası dialoqa önəmli töhfə vermiş bir ölkə kimi tanındığı qeyd olunub.

Səfir Prezident İlham Əliyevin rəhbərliyi və Azərbaycan xalqının şücaəti nəticəsində otuz ilə yaxın erməni işğalı altında olmuş ərazilərimizin 44 günlük Vətən müharibəsi nəticəsində azad edildiyini vurğulayıb. O, dövlətimizin başçısının Sərəncamı ilə 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan olunduğunu, cari ildə ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərinin təməlinin qoyulmasının 270 illiyinin qeyd edildiyini bildirib. M.Talıbov şəhərin tarixi və mədəniyyəti barədə məlumat verərək erməni vandalizminin qurbanı olmuş Şuşada aparılan bərpa işləri, burada keçirilmiş beynəlxalq festival və digər tədbirlərdən danışıb.

Səfir, həmçinin Azərbaycan ilə Peru arasında münasibətlərin həm ikitərəfli səviyyədə, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli şəkildə davam etdirildiyini, o cümlədən hər iki ölkənin Qoşulmama Hərəkatı və Sakit Okean Alyansı təşkilatlarında əməkdaşlığını qeyd edib. O, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq və onun daha da inkişaf etdirilməsi potensialından söz açıb. İki ölkənin parlamentləri arasında əməkdaşlığın yüksək səviyyəsini vurğulayan diplomatımız Peru Konqresində münaqişə zamanı Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən və Xocalı soyqırımını tanıyan sənədin qəbul edilməsinə görə Peru tərəfinə təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən Peru Xarici İşlər Nazirliyinin Avropa İdarəsinin rəhbəri Maria Teresa Merino, Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Xose Enrike Xeri və dostluq qrupunun üzvü, Peru Konqresinin Xarici Əlaqələr Komissiyasının rəhbəri Ernesto Bustamante ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurlu inkişafını vurğulayaraq, enerji, təhsil, ticarət, mədəniyyət sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətindən danışıblar. Sonra konqresmen Xose Enrike Xeri Azərbaycanın müstəqilliyinin 104-cü ildönümü münasibətilə Peru Konqresində qəbul olunmuş təbrik bəyanatını ölkəmizin səfirinə təqdim edib.

Ziyafət zamanı Şuşa şəhərinin təməlinin qoyulmasının 270 illiyinə həsr edilmiş fotosərgi nümayiş olunub, Azərbaycanın milli mətbəxinin təamları təqdim edilib, ölkəmizin tarixi, mədəniyyəti, turizm imkanları barədə videoçarxlar göstərilib, həmçinin Azərbaycanın xalq və klassik musiqiləri səsləndirilib.

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.