ELM VƏ TƏHSİL
Azərbaycanın Özbəkistandakı səfirliyi yanında Mədəniyyət Mərkəzi MEK-ə kitablar hədiyyə edib
Bakı, 12 sentyabr, AZƏRTAC
Azərbaycanın Özbəkistandakı səfirliyi yanında Heydər Əliyev adına Mədəniyyət Mərkəzi AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) kitablar hədiyyə edib.
MEK-dən AZƏRTAC-a bildirilib ki, ölkəmizin təbliği baxımından xüsusi seçilmiş ədəbiyyat siyahısına “Azərbaycanın mədəni mirası”, “Özbək və Azərbaycan poeziyasının çağdaş özəllikləri”, “Müasir Azərbaycan poeziyası antologiyası”, Əli Həsənovun “Geosiyasət”, Nizami Gəncəvinin “Sirlər xəzinəsi” və “Leyli və Məcnun” poemaları, özbək tarixçisi Şöhrət Salamovun “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə” və “Qarabağ: İdeyalar müharibəsi. Millətçilik, terrorizm, genosid” kitabları daxildir.
Mədəniyyət Mərkəzinin layihəsi əsasında hazırlanmış kitablarda mətnlər həm özbək, həm də rus dillərində verilib.
AMEA-nın Mərkəzi Elmi Kitabxanası adından Mədəniyyət Mərkəzinin fonduna “Kəlağayı”, “Macarıstan türkologiyası, Georq Hazai və Azərbaycan”, İmre Madaçın “İnsanın faciəsi”, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin və Kolumbiyanın ölkəmizdəki səfirliyinin birgə hazırladığı “Azərbaycan-Kolumbiya: İyirmi şeir” kitablarının elektron versiyaları təqdim edilib.
Qeyd edək ki, Mədəniyyət Mərkəzinin göndərdiyi ədəbiyyatlar MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib, habelə materiallar diskə toplanaraq kitabxananın “Akademiklər” zalında ölkəmizin Özbəkistandakı səfirliyi üçün ayrılmış xüsusi diplomatik guşədə yerləşdirilib.