İDMAN
Azərbaycanın “Qarabağ” və “Qəbələ” klubları UEFA Avropa Liqasında növbəti görüşlərini keçirəcəklər
Bakı, 20 oktyabr, AZƏRTAC
Oktyabrın 20-də UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turunun görüşləri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycanı bu mötəbər turnirlərdə təmsil edən “Qarabağ” komandası evdə PAOK-u (Yunanıstan) qəbul edəcək. “Qəbələ” klubu isə səfərdə Fransanın “Sent-Etyen” klubunun qonağı olacaq.
Hər iki klub azərbaycanlı futbol azarkeşlərinə yaxşı məlumdur. İki il əvvəl qrup mərhələsində “Qarabağ” Fransa təmsilçisi ilə eyni qrupda mübarizə aparmışdı. Həmin vaxt evdə keçirilən oyunda hesab açılmamışdı. Fransadakı görüşdə isə komandalar hərəyə bir dəfə fərqlənmişdilər. “Qəbələ” ilə PAOK arasındakı hər iki oyunda isə qapılara top vurulmamışdı.
Cari mövsümdə “Qarabağ” klubu UEFA Çempionlar Liqasının seçmə mərhələsində Lüksemburqun “F91 Dudaleng” komandasını keçsə də, növbəti turda “Viktoriya Plzen” (Çexiya) səddini keçə bilmədi. Pley-off mərhələsində isə İsveçin “Göteborq” kollektivi ilə qarşılaşan ağdamlılar səfərdə minimal hesabla məğlub olsalar da, doğma meydanda 3:0 hesabı ilə qalib gələrək ardıcıl üçüncü dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıblar.
“J” qrupunda mübarizəyə qoşulan Qurban Qurbanovun yetirmələri püşkatmanın nəticələrinə əsasən, İtaliyanın “Fiorentina”, Yunanıstanın PAOK, Çexiyanın “Slovan Liberek” komandalarına rəqib olub. Tofiq Bəhramov adına Respublika stadionunda çexlərlə gərgin mübarizə şəraitində keçən ilk oyunda komandamız əlavə edilmiş vaxtın son saniyələrində kapitan Rəşad Sadıqovun möhtəşəm qolu ilə məğlubiyyətdən yaxa qurtararaq matçdan 2:2 hesablı nəticə ilə ayrılmışdı. Sonra İtaliya səfərinə yollanan komandamız Elvin Yunuszadənin qırmızı vərəqə ilə cəzalanaraq komandasını azlıqda qoyduğu oyunda 5:1 hesabı ilə məğlub olmuşdu.
Bakıda yunanları qəbul edəcək “Qarabağ” qrupdan çıxmaq şanslarını artırmaq üçün ilk qələbəsini qazanmalıdır. Hazırda “Fiorentina” və PAOK 4 xalla birinci və ikinci, “Slovan Liberek” isə “Qarabağ” ilə üçüncü-dördüncü yerləri bölüşdürür.
Turnirdəki digər təmsilçimiz, Topaz Premyer Liqasının bürünc medalçısı kimi mübarizəyə UEFA Avropa Liqasının birinci təsnifat mərhələsindən qoşulan “Qəbələ” Gürcüstanın “Samtredia”, Macarıstanın “MTK Budapeşt”, Fransanın “Lill”, pley-offda isə Sloveniyanın “Maribor” komandalarını mübarizədən kənarlaşdıraraq ardıcıl ikinci dəfə qrup mərhələsinə vəsiqə qazanıb. Püşkatmadan sonra “qara-qırmızılar” “C” qrupunda rəqibləri Belçikanın “Anderlext”, Almaniyanın “FSV Maynz 05” və Fransanın “Sent-Etyen” komandaları ilə eyni qrupa düşüb.
Roman Qriqorçukun yetirmələri doğma meydanda “FSV Maynz 05” ilə görüşdə 2:3 hesabı ilə məğlub olub. Belçika səfərindən də 3:1 hesablı məğlubiyyətlə qayıdan təmsilçimiz hələ ki qrup sonuncusudur.
“C” qrupunda “Anderlext” və “FSV Maynz 05” dörd xalla birinci və ikinci yerləri bölüşdürürlər. və “Sent-Etyen” isə iki xalla üçüncü pillədədir. “Qəbələ” qrup ikincisi kimi növbəti mərhələyə yüksəlmək üçün “Sent-Etyen” səfərindən mütləq qələbə ilə qayıtmalıdır.
“Qarabağ”-PAOK qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. “Sent-Etyen”-“Qəbələ” görüşü isə Bakı vaxtı ilə saat 23:05-də start götürəcək.