CƏMİYYƏT
Azərbaycanın Qarabağda qazandığı Qələbə münasibətilə Varşavada avtoyürüş keçirilib
Bakı, 12 noyabr, AZƏRTAC
Varşava şəhərində Polşa Azərbaycanlıları Koordinasiya Şurasının və Polşadakı Azərbaycan icmasının təşəbbüsü ilə “Qarabağ Azərbaycandır!” şüarı altında avtoyürüş keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, avtoyürüşə Varşavadakı azərbaycanlılarla yanaşı, Krakov, Qdansk və Lublin şəhərində yaşayan həmvətənlərimiz, eləcə də Ukrayna icmasının nümayəndələri qoşulublar.
Həmvətənlərimiz Azərbaycan bayraqları ilə bəzədilən avtomobillərlə şəhər küçələrini dövrə vurub, xarici ölkələrin Polşadakı səfirliklərinin qarşısından keçib, sonda isə mərkəzi meydana toplaşaraq atəşfəşanlıq təşkil ediblər. Yürüş iştirakçıları müqəddəs bayrağımızın qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində yenidən dalğalanmasının Azərbaycandan kənarda yaşayan hər bir soydaşımıza qürur və sevinc bəxş etdiyini bildiriblər. Azərbaycan icmasının nümayəndələri döyüş meydanında qazanılan şanlı qələbəyə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və şanlı Ordumuza minnətdarlıqlarını ifadə ediblər.
Daha sonra yürüş iştirakçıları Polşadakı Azərbaycan Evini ziyarət edərək üçrəngli Azərbaycan bayrağı ilə xatirə fotosu çəkdiriblər.