SİYASƏT


Azərbaycanın Qarabağın bərpası işində İtaliya ilə çalışması Ermənistana Aİ-nin vahid güc kimi onu dəstəkləmədiyini göstərir

Bakı, 21 oktyabr, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev İtaliya qəzetinə müsahibəsi zamanı cavabı gözlənilən bir sıra aktual məsələlərə münasibət bildirdi, o cümlədən aidiyyəti tərəflərə diplomatik mesaj və siqnallar verdi. İlk belə xəbərdaredici siqnal Ermənistan tərəfinə ünvanlandı. Ermənistan sülhməramlılarla bəzi məqamlar üzrə fikir ayrılığının olmasını Azərbaycanın Rusiya sülhməramlılarını diskreditə etmək cəhdi kimi təqdim edir və bundan iki ölkə arasında qarşıdurma yaratmaq üçün istifadə etmək istəyir. Müxbirin Rusiya sülhməralılarının vasitəçiliyindən razı olması haqqında sualına ölkəmizin başçısı “Bəli, ümumilikdə biz bundan məmnunuq” cavabını verməklə Ermənistanın ölkəmizin Rusiya ilə münasibətlərimizə nifaq salmaq cəhdlərini uğursuzluğa düçar etdi. Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı ümumilikdə məmnunluq ifadə olunsa da, əcnəbilərin həmin ərazilərə Azərbaycanın icazəsi olmadan buraxılması və digər məsələlər üzrə narazılıq da qeyd edildi. Həmin məqamları isə biz Rusiya tərəfinə ünvanlanan mesaj kimi anlaya bilərik. Ümumilikdə dövlətimizin başçısı Ermənistandan Azərbaycanın Rusiya ilə münasibətlərinə xələl gətirmək üçün belə “ucuz” cəhdlərdən əl çəkməyi tələb edir, Rusiyanı isə sülhməramlılara göstərilən bu məmnunluq münasibətindən sui-istifadə etməməyə və göstərilən etimadı doğrultmağa çağırır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elşən Məcidov söyləyib.

Elşən Məcidov bildirib ki, azad edilmiş ərazilərin bərpasına İtaliya şirkətlərinin cəlb edilməsi iki aspektdən önəm daşıyır. Əvvəla, dövlətimizin başçısı Qarabağın bərpası kimi gəlirli sahədən yalnız dost ölkələrin yararlanmasına, yatırım edib, gəlir əldə etməsinə icazə verəcəyini vurğulayır. Bununla da Azərbaycanın güclü tarixi yaddaşa malik olduğu nümayiş etdirilir, digər ölkələrə isə İkinci Qarabağ müharibəsində Azərbaycana qarşı etinasızlığı və qərəzliliyi bir daha təkrarlamamaq “tövsiyəsi” ötürülür. İkinci aspekt İtaliyanın Avropa İttifaqı ölkəsi olması ilə əlaqədardır. Ermənistanın Avropa İttifaqından 2,6 milyard avro yardım alması onda Avropanın onu dəstəkləməsi haqqında əsassız güvən yaradıb. Özünə yeni “müttəfiqlər” tapdığını düşünən Ermənistan hələ də Azərbaycanın ərazi bütövlüyünü tanımağa və sülh müqaviləsini imzalamağa tələsmir. Azərbaycanın Avropa İttifaqının siyasi və iqtisadi cəhətdən ən nüfuzlu ölkələrindən biri olan İtaliya ilə Qarabağın bərpası işində çalışması Ermənistana Aİ-nin vahid güc kimi onu dəstəkləmədiyini göstərir.

Hazırda dünyanın ən aktual məsələlərindən biri Avropada qış ərəfəsində qaza tələbatın kəskin artmasıdır. Bu yüksək tələbat qazın qiymətini hissolunan dərəcədə artırmaqla yanaşı, Rusiyaya Avropa üzərində təsir mexanizmləri bəxş edir. Bu təsir Trans-Adriatik qaz kəməri kimi alternativ layihələrin olmaması şəraitində daha güclü olardı, qazın qiyməti isə cari qiymətdən nəzərəçarpan dərəcədə daha yüksək olardı. Müxbirin TAP-ın “qiymətin müəyyən dərəcədə aşağı səviyyədə saxlanmasında” rola malik olduğunu vurğulaması bir daha ölkəmizin Avropa ilə ortaq maraqlarının mövcudluğundan, Azərbaycanın Avropa üçün vacib siyasi və iqtisadi tərəfdaş olmasından xəbər verir.

Siyasi ekspertin sözlərinə görə, müsahibədə toxunulan daha bir vacib məsələ Əfqanıstanda “Taliban” hökumətinin hakimiyyəti ələ keçirməsidir. Bu məsələyə dünya ölkələri olduqca həssas münasibət bəsləyir. Qərb ölkələri “Taliban”ın qeyri-sivil “idarəetməsinə” mütəmadi tənqidi çıxış və bəyanatlar verdikləri halda, digər böyük ölkələr onunla öz maraqları naminə əlaqələrin qurulması məqsədilə planlar cızır. Şərqlə Qərbin arasında yerləşən, Mərkəzi Asiyanın açarı rolu oynayan Azərbaycanın bu məsələdə hansı mövqe tutması “La Repubblica” qəzetinin müxbirinin timsalında Qərbdə bir çox nüfuzlu fiziki və hüquqi şəxslərini maraqlandırır. Öz cavabında dövlətimizin başçısı maraqlı tərəflərə Azərbaycanın xarici hökmranlıqdan azad olan və praqmatik siyasət aparan ölkə olmasını diqqətə çatdırır. Başqa sözlə desək, dövlətimizin başçısı Azərbaycan üçün bu məsələnin hazırda gündəmdə olmadığını, aktual olacağı halda isə bu qərarı heç kəsdən “məsləhət” almadan, öz gəlir və xərclərini düşünərək atacağını bildirmək istəyir.

“Avropanın Cənubi Qafqazda daha geniş iştirakı ilə bağlı sualını müəyyən dərəcədə kəşfiyyat məqsədli, Azərbaycanın belə addımlar atılacağı halda nümayiş etdirəcəyi münasibətin müəyyənləşdirilməsinə istiqamətlənən sual kimi nəzərdən keçirmək olar. Cənubi Qafqazda “iştirak” geniş anlayış olub, özlüyündə tərkibinə həm iqtisadi, həm də siyasi iştirakı nəzərdə tutur. Öz cavabında dövlətimizin başçısı vurğunu müasir infrastruktura, kommunikasiya kimi iqtisadi məsələlərin üzərinə edərək Azərbaycan üçün belə iştirakın daha məqsədəuyğun olduğunu göstərir”, - deyə E.Məcidov əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.