MƏDƏNİYYƏT
Azərbaycanın Qarsdakı Baş Konsulluğu Nizami Gəncəvinin 880 illiyi münasibətilə videokonfrans təşkil edib
Ankara, 25 yanvar, AZƏRTAC
Azərbaycanın Qarsdakı Baş Konsulluğu ilə İsveçdə fəaliyyət göstərən “Elger” Elm və Tədris Mərkəzinin birgə təşkilatçılığı əsasında dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi münasibətilə videokonfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə “Elm və Təhsil: dünən, bu gün və sabah” mövzusunda keçirilən bu beynəlxalq konfransa 6 ölkədən 120 elmi məqalənin təqdim olunduğu barədə məlumat verilib.
Azərbaycanın Qarsdakı baş konsullu Nuru Quliyev Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin dahi Azərbaycan şairi Nizami Gəncəvinin şərəfinə “Nizami Gəncəvi İli” elan etməsini tarixi hadisə adlandıraraq, böyük mütəfəkkirin həyat və fəaliyyəti, əsərlərinin dünyada yayılması mövzusunda fikir və mülahizələrini bölüşüb.
Konfrans çərçivəsində “Elger” Elm və Tədris Mərkəzinin Türkiyənin Qars şəhərindəki təmsilçiləri - həmyerlilərimiz dosentlər Ellada Gərayzadə və İlkin Qulusoy, İsveç Yöteböre Universitetinin professoru Səadət Kərimi və başqalarının çıxışları dinlənilib.
Çıxışlarda 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi bir neçə aspektdən təhlil olunub. Alimlər əsaslandırıblar ki, bu qərar bir tərəfdən Azərbaycan yazılı ədəbiyyatının tarixinin təbliğini təmin edirsə, digər bir tərəfdən də Nizami Gəncəvinin əsərlərinin daha geniş şəkildə dünyada yayılması üçün yeni-yeni imkanlar yaradır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara