QAN YADDAŞI


Azərbaycanın Qarsdakı baş konsulluğu 20 Yanvar faciəsi ilə əlaqədar videokonfrans təşkil edib

Ankara, 19 yanvar, AZƏRTAC

Azərbaycanın Türkiyənin Qars şəhərindəki baş konsulluğu 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar videokonfrans təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın Qarsdakı baş konsullu Nuru Quliyev xalqımızın müstəqilliyimizin bərpasında böyük qəhrəmanlıq göstərən 20 Yanvar şəhidlərini heç vaxt unutmayacağını bildirib.

Videokonfransda Bakı Dövlət Universitetinin müəllimi, tarixçi alim Arzu Məmmədovanın “20 Yanvar faciəsinin səbəb, məqsəd və nəticələri” mövzusunda məruzəsi dinlənilib. 20 Yanvar hadisələrini Azərbaycan xalqının birlik və mübarizə rəmzi kimi dəyərləndirən alim diqqətə çatdırıb ki, qanlı faciədən sonra ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində keçirdiyi mətbuat konfransı o vaxtkı sovet rəhbərliyinin xalqımıza qarşı düşmənçilik siyasətinin mahiyyətini bütün dünyaya aydın şəkildə göstərdi.

Sonra İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar faciəsinin siyasi səbəblərindən danışıb.

Qanlı 20 Yanvar hadisələrini Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutduğunu diqqətə çatdıran Afina Məmmədəli Barmanbay çıxışında bildirib ki, bütün hallarda həmin hadisələrin təfərrüatının geniş şəkildə ictimaiyyətə çatdırılması davam etməlidir.

Çıxışlarda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun qoşun birləşmələrinin Azərbaycan xalqına qarşı törətdiyi ağır cinayətlər tarixdə görünməmiş düşmənçilik kimi dəyərləndirilib. Diqqətə çatdırılıb ki, bu hadisələr faciəli olsa da, Azərbaycan xalqının qəhrəmanlıq tarixidir. Əliyalın Azərbaycan xalqı mərdliklə ağır hərbi texnikanın qarşısına çıxaraq öz haqqı uğrunda ölməyə hazır olduğunu bütün dünyaya göstərib.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.