SİYASƏT
Azərbaycanın Qırğızıstandakı yeni səfiri etimadnaməsinin surətini bu ölkənin xarici işlər nazirinə təqdim edib
Bişkek, 5 noyabr, АZƏRTAC
Azərbaycanın Qırğızıstana təyin olunmuş yeni səfiri Lətif Qəndilov etimadnaməsinin surətini bu ölkənin xarici işlər naziri Ruslan Kazakbayevə təqdim edib.
AZƏRTAC xəbər verir ki, Ruslan Kazakbayev Qırğızıstana səfir təyin olunması münasibətilə Lətif Qəndilovu təbrik edib, ona uğurlar arzulayıb. Nazir deyib ki, Qırğızıstan və Azərbaycan dost ölkələrdir, dövlətlər arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması vacibdir.
Görüşdə ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi, o cümlədən müqavilə-hüquq bazasının dərinləşdirilməsi, yüksək səviyyədə görüşlərin keçirilməsi, həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində qarşılıqlı fəaliyyətin daha da inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.
R. Kazakbayev Qırğızıstan-Azərbaycan Hökumətlərarası birgə əməkdaşlıq Komissiyasının dördüncü iclasının keçirilməsi məsələsinin mühüm amil olduğunu vurğulayıb.
L.Qəndilov bildirib ki, Azərbaycan tərəfi iqamətgahı Bişkekdə olmaqla birgə İnvestisiya Fondunun təsis olunmasına razılığını bildirib və bu istiqamətdə iş davam edəcək.
Tərəflər Bakıda və Bişkekdə bir sıra mədəni tədbirlərin keçirilməsi barədə də razılıq əldə ediblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek