ELM VƏ TƏHSİL


Azərbaycanın “Qırmızı Kitabı”nın III nəşrinə 279 heyvan növünün daxil edilməsi planlaşdırılır

Bakı, 27 yanvar, AZƏRTAC

Azərbaycanın “Qırmızı Kitabı”nın III nəşrinə nadir, nəsli kəsilmək və təhlükə altında olmaqla, qorunmasına ehtiyac yaranan 279 növ heyvanın daxil edilməsi planlaşdırılır.

Bu barədə AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun icraçı direktoru biologiya elmləri doktoru, dosent Elşad Əhmədov məlumat verib.

O bildirib ki, hazırda “Qırmızı Kitab”ın III nəşrinin nadir və nəsli kəsilməkdə olan fauna növlərinin tədqiqi üzrə Zoologiya İnstitutunun və işçi qrupunun mütəxəssisləri tərəfindən intensiv monitorinqlər aparılır.

İcraçı direktor bildirib ki, monitorinqlər nəticəsində Azərbaycanın “Qırmızı Kitabı”nın III nəşrinə daxil edilməsi planlaşdırılan növlərdən bəzilərinə rast gəlinib, onların Azərbaycanda yayılma xəritələrinə yeni qeydiyyat nöqtələri əlavə edilib.

Onun sözlərinə görə, cari ildə hidrobioloqlar tərəfindən Xəzər dənizinə, Lənkəran təbii vilayəti su hövzələrinə, eləcə də Kiçik Qızılağac körfəzinə yaz və yay aylarında ekspedisiyalar təşkil olunub. Ekspedisiyalar Xəzərin Azərbaycan sektorunu, Lənkəran təbii vilayətinin su hövzələrini və Kiçik Qızılağac körfəzini əhatə edib. Xəzər dənizində, o cümlədən daxili su hövzələrində molyusklar, xərçənglər və balıqlar üzərində monitorinqlər keçirilib.

İcraçı direktor qeyd edib ki, hazırda tibb zəlisinin (H.orientalis) “Qırmızı Kitab”a daxil edilməsi istiqamətində işlər yekunlaşmaq üzrədir. “Qırmızı Kitab”ın II nəşrində yer alan Pilzov çay xərçəngi, Lənkəran anodontu və Muğan eyzeniyası haqqında toplanılan məlumatlar üzərində işlər davam etdirilir.

Elşad Əhmədov vurğulayıb ki, apardıqları müşahidələr, bu məqsədlə toplanan materialların analizi və Naxçıvan Muxtar Respublikasından toplanılan materiallara əsaslanaraq “Qırmızı Kitab”ın II nəşrində yer alan çay qızılxallısının və qızılı şirbitin (Zərdəpər) geniş yayıldığını və çoxsaylı olmasını nəzərə alaraq onun “Qırmızı Kitab”ın növbəti nəşrinə tövsiyə edilməməsi və növbəti nəşrə 3 növ balığın - Kür siyənəyinin, Soyuqbulaq külməsinin və mursa şirbitinin daxil edilməsi məsələsi araşdırılır.

Qeyd edib ki, herpetoloqlar qrupu tərəfindən cari ildə Abşeron yarımadası, Lerik, Yardımlı, Lənkəran, Şamaxı, Qobustan, İsmayıllı, Tovuz, Qax, Şəki, Naxçıvan MR, Şahbuz, Culfa və Ordubad rayonlarına ekspedisiyalar təşkil edilib. Tədqiqat ərazisindən “Qırmızı Kitab”ın növlərinə aid materiallar toplanıb. 2021-ci ildə Lerik rayonu ərazisində Zolaqlı çılpaqgöz (Ablepharus bivittatus) və Xarabalıq aqaması (Trapelus ruderatus) növlərinin yeni yayılma sahələri aşkar edilib. Rast gəlinən növlərin ekoloji xüsusiyyətləri tədqiq olunub və biotopları təsvir edilib.

Elşad Əhmədov diqqətə çatdırıb ki, “Qırmızı Kitab” növlərinin öyrənilməsinə dair ornitoloqların Quba, Şabran, Xızı, Şamaxı rayonlarında iyul, avqust və sentyabr aylarında həyata keçirdikləri tədqiqat işləri nəticəsində 6 növün, Qusar, Ağdaş, Göyçay, Qəbələ, Qobustan, Yardımlı, Daşkəsən rayonları ərazilərinə təşkil olunan ekspedisiyalar nəticəsində 4 növün sutkalıq fəallıqlarına, biotopla trofik əlaqələrinə, saylarına, limit amillərinə dair materiallar toplanıb. Terioloqlar tərəfindən tədqiqatlar isə Böyük Qafqaz ərazisində aparılıb. “Qırmızı Kitab”a daxil ediləcək Cırtdan ağdiş (Suncus etruscus), Kiçik köstəbək (Talpa levantis), Talpa talyschensi (Hirkan köstəbəyi), Hind tirəndazı (Hystrix indica) Cırtdan siçan (Micromys minitus), Qafqaz qar siçanı (Chionomys gud), Kiçik Asiya qar siçanı (Chionomys roberti), bəbir (Panthera pardus), vaşaq (Lynx lynx), Bezoar keçisi (Capra aegagrus), Asiya muflonu (Ovis orientalis) növləri haqqında materiallar toplanıb.

Elşad Əhmədov əlavə edib ki, Azərbaycan Respublikası “Qırmızı Kitab”ının III nəşrinin hazırlanması məqsədilə yarasalar dəstəsindən olan növlər üzrə məlumatları toplamaq üçün Azərbaycanın müxtəlif təbii vilayətlərinə ekspedisiyalar təşkil edilib. Bu məqsədlə “Qırmızı Kitab”ın II nəşrinə daxil olan 12 yarasa növündən 8-i üzrə materiallar toplanıb, fotoşəkilləri çəkilib, məlumat bazası üçün səs qeydiyyatları xüsusi olaraq yazılıb, spektoqramları əldə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.