SİYASƏT


Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməsi beynəlxalq münasibətlər sistemindəki uğurlu siyasi fəaliyyətinin nəticəsidir

Bakı, 6 iyul, AZƏRTAC

Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməsi beynəlxalq münasibətlər sistemindəki uğurlu siyasi fəaliyyətinin nəticəsidir.

Bunu AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov söyləyib.

Binəqədi rayon təşkilatının sədri iyunun 30-da Heydər Əliyev Mərkəzində keçirilən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransından danışarkən qeyd edib ki, Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra dünyada ikinci ən böyük beynəlxalq təsisatdır: “Qoşulmama Hərəkatına sədrlik etməsi üçün Azərbaycanın namizədliyinin yekdil şəkildə dəstəklənməsi və ölkəmizin uğurlu sədrliyi ən mühüm beynəlxalq uğurlarımızdan biridir. Azərbaycanda dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə məqsədyönlü xarici siyasət kursu yürüdülür. Bu siyasət nəticəsində dövlətimizin və xalqımızın dünyadakı nüfuzu günbəgün daha da artır, mövqeyi daha da möhkəmlənir. Bu baxımdan ölkəmizin üzv olduğu digər beynəlxalq təsisatlardakı təmsilçiliyi kimi, Qoşulmama Hərəkatındakı uğurlu fəaliyyəti də təsadüfi deyil və məhz düşünülmüş, uzaqgörən diplomatik siyasətin bəhrəsidir”.

Vüsar İsmayılov bildirib ki, dünyada parlament diplomatiyasının əhəmiyyətini nəzərə alaraq Azərbaycan tərəfindən hərəkatın parlament şəbəkəsinin yaradılması təşəbbüsünün irəli sürülməsi olduqca əhəmiyyətlidir. Təşəbbüsün üzv dövlətlər tərəfindən dəstəklənməsi, paytaxtımız Bakı şəhərində keçirilən konfrans ölkəmizə göstərilən etimadın bariz nümunəsidir: “Bu təşəbbüsün reallaşdırılması dövlətlər arasında həmrəylik və qarşılıqlı dəstəyin gücləndirilməsinə, dünyanın müxtəlif parlament təşkilatları ilə sıx iş münasibətlərinə önəmli töhfələr verəcək. Azərbaycan bütün ölkələrlə sıx dostluq və əməkdaşlıq münasibətlərində maraqlıdır. Dünyada sülh və əmin-amanlıq, dialoq, qarşılıqlı hörmət və etimad şəraitində bütün məsələlərin sivil qaydada həll edilməsinin tərəfdarıdır. Məhz bu səbəbdən dünya ölkələri ilə ikitərəfli, eləcə də müxtəlif beynəlxalq təşkilatlar daxilində münasibətlərin maraqlarımıza uyğun tənzimlənməsi, müəyyən şəbəkələrin yaradılması istiqamətində qətiyyətlə çalışır. Bu mənada ölkəmizin təşəbbüsləri davam edir. Gələn ay Bakıda hərəkatın Gənclər Sammitinin keçirilməsinin planlaşdırılması da buna sübutdur. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Qoşulmama Hərəkatına sədrliyimizin yenə də 120 ölkənin yekdil qərarı ilə 2023-cü ilin axırına kimi uzadılması ölkəmizə olan böyük hörmətdən və fəaliyyətimizin yüksək qiymətləndirilməsindən irəli gəlir”.

Onun sözlərinə görə, Azərbaycan hər zaman dünyada hökm sürən ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına qəti etirazını bildirib və haqq səsini ucaldıb. Lakin çox təəssüflər olsun ki, Azərbaycanın 30 ilə yaxın idi üzləşdiyi işğala qarşı bir sıra dövlətlər və beynəlxalq təşkilatlar birmənalı mövqe göstərmirdi. 30 ilə yaxın bir müddətdə torpaqlarımızın zəbt olunmasına, dağıdılmasına, həmin ərazilərdə törədilən vandalizm aktlarına qarşı seyrçi münasibət bəslənilirdi. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri isə heç bir nəticə vermədi, kağız üzərində qaldı. Xüsusilə ATƏT-in Minsk qrupunun yarıtmaz və səmərəsiz fəaliyyəti münaqişənin ədalətli həllində heç bir rol oynamadı. Bununla da ermənilərə nankorluğunu davam etdirməyə, öz məkrli niyyət və əməllərini, təxribatlarını davam etdirməyə münbit şərait yarandı. Belə olan halda Azərbaycan özü ədaləti bərpa etdi, Vətən müharibəsində Zəfər çalaraq torpaqlarını işğaldan azad etdi. “Qoşulmama Hərəkatının üzv dövlətlərinin böyük dəstəyinin də şahidi olduq. Hətta haqq işimizi BMT, onun Təhlükəsizlik Şurası səviyyəsinə çıxarmağa cəhdlər edilsə də, həmin vaxt Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil olunan dost ölkələr Azərbaycana qarşı yönəlmiş əməllərin qarşısını aldılar. Bununla da ermənipərəst qüvvələrin Azərbaycana qarşı hücumu fiaskoya uğradı. Qoşulma Hərəkatında təmsil olunan ölkələr bizə dost ölkələrdir və bu münasibətlərimiz bundan sonra da davam edəcək. Hesab edirəm ki, biz səylərimizi daha da səfərbər etməli, həmrəyliyimizi və əməkdaşlıq münasibətlərimizi daha da gücləndirməliyik. Qoşulmama Hərəkatı dünyadakı problemlərin həllində uğurlu platforma ola bilər, bu istiqamətdə də səylərimizin nəticə verəcəyinə ümid edirik”, - deyə V.İsmayılov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.