MƏDƏNİYYƏT


Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində UNESCO-da növbəti plenar iclas keçirilib

Paris, 30 noyabr, AZƏRTAC

Azərbaycanın Qoşulmama Hərəkatına (QH) sədrliyi çərçivəsində UNESCO-da növbəti plenar iclas keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda UNESKO Baş Konfransının prezidenti Altay Cengizer, UNESCO yanında Daimi Nümayəndəliklərin rəhbərləri iştirak ediblər.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsinin səlahiyyətlərini icra edən Ayaz Qocayev iclası giriş sözü ilə açaraq, plenar iclasın gündəliyini təqdim edib.

İclasın gündəliyi qəbul edildikdən sonra, qurumun Baş Konfransının prezidenti Altay Cengizer çıxış edərək, Azərbaycanın Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyini alqışlayıb və təbrik edib. QH-nin beynəlxalq siyasətdə mühüm rolundan söz açıb. UNESCO İcra Şurasında üzv dövlətlərin seçilməsi müddətinə dair UNESCO Konstitusiyasında ediləcək dəyişikliklər haqqında məlumat verib və iştirakçıların suallarını cavablandırıb.

A.Qocayev Qoşulmama Hərəkatına Azərbaycan sədrliyinin birillik fəaliyyət hesabatını təqdim edərək, həyata keçirilmiş işlər barədə məlumat verib.

Bildirib ki, ölkəmizin sədrliyi ilə bir sıra onlayn görüşlər keçirilib, COVID-19 pandemiyasına qarşı birgə mübarizədə dünya ölkələri səfərbər edilib. Bununla bağlı BMT Baş Assambleyasının xüsusi sessiyasının çağrılacağını diqqətə çatdırıb.

A.Qocayev UNESCO İcra Şurasının dekabrda keçiriləcək 210-cu sessiyasında Qoşulmama Hərəkatının sədri qismində ölkəmizin bəyanatı haqqında da məlumat verib.

Bildirilib ki, Qoşulmama Hərəkatı tarixboyu beynəlxalq sülh və təhlükəsizliyin Bandunq prinsiplərinə uyğun olaraq möhkəmləndirilməsində əsas rol oynayıb. Qoşulmama Hərəkatı sülh mədəniyyətinin təşviqinə dair daim çağırışlar edir. UNESCO-nun mədəni ifadələrin müxtəlifliyinin qorunması və təşviqi Konvensiyasının vacibliyini diqqətə çatdırılıb.

Hərəkata üzv dövlətlər mədəni müxtəliflik sahəsində qəbul edilmiş tədbirlərin fəaliyyətini gücləndirmək məqsədi ilə ümumdünya bəyannaməsində yer alan prinsiplərin təbliği üçün UNESCO ilə əməkdaşlıq etməyə hazır olduqlarını ifadə ediblər.

Silahlı münaqişələrdə mədəni mülkiyyətin qorunması üzrə 1954-cü il Haaqa Konvensiyasının və ona iki Əlavə Protokolun vacibliyini bildirilərək, hələ ratifikasiya etməyən dövlətləri onları ratifikasiya etməyə dəvət ediliblər.

Qoşulmama Hərəkatına üzv dövlətlər qeyri-maddi mədəni irsin qorunması sahəsində beynəlxalq ictimaiyyətə mühüm töhfəsi kimi UNESCO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə 2003-cü il Konvensiyasına sadiq olduqlarını bildiriblər.

COVID-19 pandemiyası dövründə ölkələrə təlim prosesinin davamlılığını təmin etmək üçün UNESCO tərəfindən irəli sürülmüş qlobal təhsil Koalisiyasının alqışlandığı və dəstəkləndiyi bildirilib.

Üzv dövlətlər qarşılıqlı maraq doğuran məsələlərin inkişafı üçün UNESCO ilə əməkdaşlıqlarını davam etdirməyə hazır olduqlarını qeyd ediblər.

Plenar iclas müzakirələrlə davam edib.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.