SİYASƏT


Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi təşkilatın işinə öz töhfəsini verəcək

Bakı, 5 iyul, AZƏRTAC

Azərbaycanda beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi bir ənənə halını alıb. Dünyada ən böyük təsisatlardan biri olan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin iyunun 30-da keçirilmiş Bakı konfransı da belə tədbirlərdən biridir. Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışı zamanı bir sıra məsələlərə toxundu. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsindən sonra digər vacib bir təşəbbüs Gənclər Şəbəkəsidir. Bunlar Qoşulmama Hərəkatının institusional inkişafı üçün atılmış addımlardır. Azərbaycanın irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri 35 saylı Xətai üçüncü Dairə Seçki Komissiyasının sədri Qarat Qaratov deyib.

O bildirib ki, bu gün Azərbaycan dünyada qazandığı nüfuza görə belə tədbirlərdə də özünü göstərməkdədir. Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçilməsi üzvlərin yekdil həmrəyliyi ilə baş verdi. 120 ölkənin yekdil qərarı ilə 2023-cü ilin axırına kimi Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uzadılması ölkəmizə böyük bir hörmət və fəaliyyətimizin qiymətləndirilməsi əlamətidir. Azərbaycan sədrlik zaman Bandunq prinsiplərinin əsas götürəcək. Bandunq prinsipləri ölkələr arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün yeganə əsas kimi Azərbaycan tərəfindən qəbul edilir. Ərazi bütövlüyü, suverenlik, müstəqillik, bir-birinin işlərinə müdaxilə etməmə - bu prinsiplər bütün ölkələr tərəfindən qorunub saxlanılsaydı, heç bir müharibə, münaqişə və ədalətsizlik olmazdı.

Qarat Qaratov diqqətə çatdırıb ki, Azərbaycanın təşəbbüsü ilə 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının onlayn Zirvə Toplantısının keçirilməsi pandemiya ilə mübarizədə dövlətlərin səfərbər edilməsi üçün ilkin addımlardan biri idi. Azərbaycanın səyləri təkcə həmrəyliyin gücləndirilməsi və dəstəyin təmin edilməsinə yönəlməmişdir. Təşəbbüsümüzlə hazırlanmış ölkələrə dəstək, tibbi və humanitar yardımla bağlı məlumat bazası Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən geniş istifadə olunub. Eləcə də pandemiya dövründə 80-dən çox ölkəyə maddi yardım və humanitar dəstək göstərildi. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə olunub və bu vəsaitin yarısı Qoşulmama Hərəkatının üzv dövlətlərinə birbaşa ayrılıb. Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrı-seçkiliyə qarşı mübarizə aparmağa davam edəcək. Azərbaycanın ədalətli mübarizəsi dövründə Qoşulmama Hərəkatında təmsil olunan ölkələr Azərbaycanı dəstəklədi, anti-Azərbaycan mahiyyətli bəyanatı blokladılar. Azərbaycana qarşı ittihamı blokladılar və bununla da ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular.

“Keçən illər ərzində Azərbaycan dünyada ən böyük ədalətsizliyə məruz qalan ölkə olub. Bu haqsızlıq nəticəsində ərazimizin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi etnik təmizləmə ilə nəticələndi. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Bizim tarixi və dini irsimiz erməni işğalçıları tərəfindən yer üzündən silinib. Məscidlərimizin təhqiri, mədəni və dini abidələrimizin dağıdılması – bunlar faktlardır və bunu heç kəs görməzdən gələ bilməz. Münaqişənin yarandığı və davam etdiyi 30 il ərzində Minsk qrupu fəaliyyətsiz oldu, münaqişənin əbədi olmasını istəyənlərin əlində alətə çevrildi. Azərbaycan xalqı təqribən 30 il ərzində gözləyirdi ki, beynəlxalq ictimaiyyət ədalətsizliyə və işğala son qoyulmasına yardım edəcək. Bu məqsədlə ATƏT 1992-ci ildə Minsk qrupunu təsis etdi və o, bu münaqişənin həll yolunu tapmalı idi. Minsk qrupunun fəaliyyətinin yeganə məqsədi münaqişəni dondurmaq və torpaqlarımızı əbədi işğal altında saxlamaqdan ibarət idi. Prezident İlham Əliyev onu da bildirdi ki, 2020-ci il noyabrın 10-da 44 gün sürən Vətən müharibəsi nəticəsində Ermənistan kapitulyasiya etməyə və məğlubiyyətini etiraf etməyə məcbur oldu. Münaqişənin dinc həllinin yeganə yolu Ermənistana qarşı sanksiyaların tətbiqi idi. Əfsuslar olsun ki, heç bir sanksiya tətbiq edilmədi və əksinə, Ermənistan Azərbaycan ilə müqayisədə bəzi ermənipərəst siyasətçilərdən daha çox dəstək alırdı”, - deyə Qarat Qaratov qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.