İQTİSADİYYAT
Azərbaycanın Regional Rabitə Birliyinin mükafatına layiq görülməsi haqda qərar qəbul olunub
Bakı, 8 may, AZƏRTAC
Mayın 8-də Moskvada Regional Rabitə Birliyinin (RRB) Rabitə Administrasiyası Başçıları Şurasının 50-ci iclası öz işinə başlayıb. Tədbirdə Azərbaycan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iclasda ölkəmizin Regional Rabitə Birliyinin mükafatına layiq görülməsi haqda qərar qəbul olunub. Azərbaycana belə bir mükafatın verilməsi üzrə qərar ölkəmizin ötən il Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Busanda keçirilən Səlahiyyətli Konfransına hazırlıq çərçivəsində yüksək təşkilati və texniki işi ilə seçildiyinə görə verilib.
Tədbirdə Ə.Abbasov RRB-yə üzv ölkələrdə informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun inkişaf perspektivləri üzrə məruzə ilə çıxış edib. Eyni zamanda nazirliyin İnfrastrukturun inkişafı şöbəsinin poçt sektorunun müdiri Novruz Məmmədov "Azərbaycanda poçt sektorunun inkişafı", Elektron Təhlükəsizlik Mərkəzinin direktoru Faiq Fərmanov isə "Transsərhəd məkanda elektron təhlükəsizliyin təmin edilməsi" mövzusunda məruzə təqdim edib.
İclas çərçivəsində RRB-yə üzv olan ölkələrdə IPv6 protokolunun tətbiqi ilə bağlı plan və protokolun istifadəsi üzrə tövsiyələrin qəbul edilməsi, "ICANN" təşkilatının, "Cisco Systems", "HUAWEI" şirkətlərinin RRB-nin Rabitə Operatorları Şurasının tərkibinə daxil edilməsi müzakirə olunub.
Tədbirdə rabitə sahəsi üzrə əməkdaşlıq imkanları, informasiya cəmiyyətinin inkişafı istiqamətində MDB ölkələrinin əməkdaşlıq strategiyasının müəyyən edilməsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb. RRB-nin normativ sənədlərinə əlavə və dəyişikliklər edilməsi üzrə qərarların qəbul edilməsi də iclasın iş planına daxil olunub. RRB-nin 2016-cı il üçün Təftiş Komissiyasının tərkibinə Qazaxıstan Rabitə Administrasiyasından Tatyana Smaqulovanı, Azərbaycan Rabitə Administrasiyasından Zöhrab Yarəhmədovu, Özbəkistandan Mirzo Raximovu, Türkmənistandan Əzizməmməd Gədiməmmədovu və digər ölkələrdən nümayəndələrin qəbulu nəzərdə tutulur.
Mayın 9-da iclas öz işini davam etdirəcək.