SİYASƏT


Azərbaycanın Rusiyadakı səfirliyi bu ölkə məktəblərinin tarix dərslikləri ilə əlaqədar nazirliklərə müraciət edib

Moskva, 16 fevral, AZƏRTAC

Azərbaycanın Moskvadakı səfirliyi Rusiya orta məktəblərinin tarix dərslikləri ilə əlaqədar bu ölkənin Xarici İşlər və Maarif nazirliklərinə müraciət edib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, 2020-ci ildə Moskvadakı “Drofa” nəşriyyatında çap edilən, müəllifləri L.M.Lyaşenko, O.V.Volobuyev, Y.V.Simonova olan orta məktəblərin 9-cu sinifləri üçün nəzərdə tutulmuş “XIX əsr, XX əsrin əvvəlləri Rusiya tarixi” (“История России. XIX – начало ХХ века”) dərsliyinin 6-cı nəşrinin 90-cı səhifəsində 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsinə əsasən “Şərqi Ermənistan”ın Rusiyanın tərkibinə keçdiyi qeyd edilib.

Bundan əlavə, 2020-ci ildə N.M.Arsentyev, A.A.Danilov, A.A.Levandovski, A.Y.Tokarevanın müəllifliyi ilə Moskvanın “Maarif” nəşriyyatında çap olunan “Rusiya tarixi 9. Birinci hissə” (“История России 9. Часть 1”) 9-cu sinif dərsliyinin 6-cı nəşrinin 91-cı səhifəsində isə vurğulanır ki, 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsinə görə, “Şərqi Ermənistan” ərazisi olan İrəvan və Naxçıvan xanlıqları Rusiyanın tərkibinə keçib.

Sözügedən dərsliklərdə tarixi faktların təhrif edildiyini və Türkmənçay müqaviləsinin mətnində “Şərqi Ermənistan” adlı ərazinin ümumiyyətlə qeyd olunmadığını nəzərə alaraq, müvafiq düzəlişlərin edilməsi üçün səfirlik tərəfindən Rusiya Federasiyası Xarici İşlər və Maarif nazirliklərinə müraciətlər ünvanlanıb.

Rusiya Maarif Nazirliyindən səfirliyə daxil olan rəsmi cavab məktubunda bildirilib ki, sovet və rus tarix ədəbiyyatında İrəvan və Naxçıvan xanlıqlarının Rusiyaya verilməsini əks etdirən, 1828-ci ildə Rusiya ilə İran arasında imzalanmış Türkmənçay müqaviləsinin şərtləri işıqlandırılarkən “Şərqi Ermənistan tarixi vilayət” terminindən istifadə olunur. Sözügedən tarixi vilayətin Türkmənçay müqaviləsinin mətnində göstərilmədiyini nəzərə alaraq, “XIX əsr, XX əsrin əvvəlləri Rusiya tarixi” (“История России. XIX – начало ХХ века”) 9-cu sinif dərsliyinin müvafiq hissəsinə düzəlişlər edilib və “Şərqi Ermənistan” haqqında qeyd mətndən çıxarılıb, dərsliyin növbəti nəşrlərinin düzəliş edilmiş variantda çap olunacağı vurğulanıb.

Eyni zamanda, “Rusiya tarixi 9. Birinci hissə” (“История России 9. Часть 1”) 9-cu sinif dərsliyində “Şərqi Ermənistan” anlayışının sırf coğrafi kontekstdə verildiyi diqqətə çatdırılıb və birmənalı təfsir edilə bilməyən anlayışların istisna olunması üçün dərsliyin yenidən çapı zamanı müvafiq düzəlişin ediləcəyi bildirilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.