CƏMİYYƏT


Azərbaycanın Rusiyadakı səfirliyi təxribat xarakterli video ilə əlaqədar açıqlama yayıb

Moskva, 7 iyul, AZƏRTAC

İyulun 6-da Azərbaycan vətəndaşı Rəşid Arif oğlu Məmmədov və onu müşayiət edən şəxs ölkəmizin Moskvadakı səfirliyin binasının önündə çəkdikləri videoda bildirirlər ki, Azərbaycana getmək barədə səfirliyə müraciət etmələrinə baxmayaraq, onları heç kim qəbul etmir və məlumat vermir.

Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, videoda deyilənlər həqiqətə uyğun deyil. “İyulun 2-də səfirliyin vitse-konsulu, birinci katib Rövşən Axundov şəxsən Rəşid Məmmədovla görüşüb və ona mövcud vəziyyəti başa salıb. İyulun 6-da isə səfirliyin konsulluq şöbəsinin əməkdaşı, üçüncü katib Müsənnif Dadaşov adıçəkilən şəxslə iki dəfə telefonla danışaraq, ona hazırkı durumu bir daha izah edib”, - deyə məlumatda bildirilir.

Səfirliyin məlumatında qeyd edilir ki, söhbət zamanı Rəşid Məmmədovun “www.evegedirem.info” portalında qeydiyyatdan keçmədiyi məlum olub. Ona bildirilib ki, ilk növbədə, portalda qeydiyyata düşmüş iki minə yaxın vətəndaşımız növbə ilə Azərbaycana göndərilib. “Azərbaycan Hava Yolları”nın təşkil etdiyi çarter reysləri ilə sözügedən portalda qeydiyyatdan keçənlərlə yanaşı, səhhətində ciddi problemi olan vətəndaşlarımız ölkəmizə yola salınır. Belə olan halda, onun Azərbaycana qayıtması məsələsi açıq olaraq qalır.

Məlumatda deyilir ki, Azərbaycanda və Rusiyada karantin rejimi avqustun 1-dək davam edəcək. Bu səbəbdən səfirliyin konsulluq şöbəsində vətəndaşların şəxsən qəbulu keçirilmir. Bu barədə səfirliyin internet səhifəsində və inzibati binasının önündə elan yerləşdirilib. Səfirlikdə fəaliyyət göstərən “qaynar xətt” və elektron poçt vasitəsilə vətəndaşlarımızın müraciətləri qəbul olunur. Martın 19-dan iyulun 7-dək yalnız səfirliyin “qaynar xətti”nə 155 mindən artıq müraciət daxil olub. Hər bir müraciətə də fərdi şəkildə baxılıb, mümkün olan kömək göstərilib.

Səfirlik Azərbaycanın Rusiyadakı çoxsaylı vətəndaşlarına dəfələrlə xəbərdarlıq edib ki, avqustun 1-dək sərhədlər bağlıdır və hər kəsin olduğu yerdə qalması məqsədəuyğundur. Məlumatda deyilir: “Küçədə çəkilmiş təxribat xarakterli videodan da göründüyü kimi, pandemiya dövründə istifadəsi məcburi olan maska və əlcək geyməyən, sosial məsafə gözləməyən həmin şəxslər edilən xəbərdarlıqlara məhəl qoymurlar. Onlar səfirliyə təzyiq göstərmək məqsədilə səfirliyin qarşısında çəkiliş aparır və binanın önündə konsulluq şöbəsində vətəndaşların qəbulunun dayandırıldığı haqda elanı qəsdən göstərməyərək ictimaiyyəti öz yalanlarına inandırmağa çalışırlar”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.