SİYASƏT
Azərbaycanın Rusiyadakı səfirliyində Azərbaycan Silahlı Qüvvələrinin yarıdılmasının 96-cı ildönümü münasibətilə təntənəli qəbul olmuşdur
Moskva, 27 iyun (AZƏRTAC). İyunun 26-da Azərbaycanın Rusiyadakı səfirliyində Azərbaycan Silahlı Qüvvələrinin 96-cı ildönümü münasibətilə təntənəli qəbul olmuşdur.
Əvvəlcə Azərbaycanın və Rusiyanın dövlət himnləri səslənmişdir.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tədbiri açaraq bildirmişdir ki, Azərbaycan ordusu xalqımızın suverenliyinin və təhlükəsizliyinin qarantıdır. O demişdir: “Ölkəmiz təcavüzə məruz qalmışdır. Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilmişdir. Ölkədə bir milyondan çox qaçqın və məcburi köçkün vardır. Bütün diplomatik və siyasi səylərə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi həll edilmir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və ölkəmizin hər bir vətəndaşı öz ordusuna böyük ümid və inam hissi ilə baxır.
Azərbaycan ordusunun möhkəmlənməkdə olan qüdrətini vurğulayan diplomat demişdir: “Biz əminik ki, ordumuz öz Baş Komandanının istənilən əmrini istənilən zaman yerinə yetirəcəkdir”.
Azərbaycanın Rusiyadakı hərbi attaşesi Tofiq Salmanov Azərbaycan Milli Ordusunun yaradılması və inkişafı tarixindən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açaraq demişdir: “Bu gün Azərbaycan ordusu döyüşə və Ali Baş Komandanın istənilən hərbi tapşırığını yerinə yetirməyə tam hazır vəziyyətdədir”. O qeyd etmişdir ki, Azərbaycan Silahlı Qüvvələri ən müasir hərbi texnika ilə təchiz edilmiş, hərbi qulluqçularımız dünyanın bir çox dövlətlərində, o cümlədən Rusiya Federasiyasında hərbi hazırlıq keçirlər.
Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə təntənəli tədbirdə xarici ölkələrin Rusiyada akkreditə olunmuş səfirləri və hərbi attaşeləri, bu ölkənin ictimai və siyasi xadimləri, diasporun üzvləri, KİV nümayəndələri iştirak etmişlər.
Fəridə Abdullayeva
AZƏRTAC–ın xüsusi müxbiri
Moskva