SİYASƏT


Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğu və Rusiyanın Azərbaycanlı Gənclər Birliyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təntənəli gecə keçirmişlər

Bakı, 27 dekabr (AZƏRTAC). Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulluğu Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) regional şöbəsi ilə birgə Sankt-Peterburqda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təntənəli gecə keçirmişlər.

Azərbaycan Respublikası baş konsulluğunun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə təxminən 100 nəfər - Sankt-Peterburqda yaşayan azərbaycanlı gənclər, Sankt-Peterburq azərbaycanlılarının ictimai təşkilatlarının nümayəndələri və tələbələr iştirak etmişlər.

Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulu Elşad Qulamov mərasimdə çıxış edərək iştirakçılara Azərbaycanın sürətli iqtisadi inkişafı, Azərbaycan və Rusiya arasında bütün sahələrdə sıx münasibətlərdən danışmışdır. Bildirmişdir ki, iki ölkənin rəhbərləri arasında tərəfdaşlıq və dostluq münasibətləri azərbaycanlıların Rusiyada, rus icmasının isə Azərbaycanda yaşaması və uğurla inkişaf etməsi üçün sabitliyin qarantıdır.

Diplomat ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs əsasında Azərbaycan Respublikasında həyata keçirilən, bütün sahələrdə proqressiv dəyişikliklərə səbəb olan ardıcıl islahatlardan da söz açmışdır. E.Qulamov son on ildə Azərbaycanda sosial-iqtisadi sahədə baş verən, cəmiyyətin həyatının bütün sahələrinə müsbət təsir göstərən və ictimai-siyasi proseslərin sağlam məcraya yönəlməsinə səbəb olan güclü sıçrayışı xüsusi vurğulamışdır.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilk dəfə 1991-ci il dekabrın 16-da ulu öndər Heydər Əliyev tərəfindən elan olunmuşdur. Həmin vaxtdan etibarən bu gün Azərbaycan xalqının milli bayramına çevrilmişdir. Həmrəylik Gününün əsas ideyasını dünya azərbaycanlılarının birliyi və həmrəyliyi, Azərbaycanın dövlətçiliyi, xalqın milli mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubluqla və tarixi Vətənə bağlılıqla əlaqədar hiss və ideyalar təşkil edir.

RAGB-ın Sankt-Peterburqdakı regional şöbəsinin nümayəndəsi RAGB-ın rəhbəri Leyla Əliyevanın təbriklərini peterburqlu gənclərə çatdırmış və onun Rusiyanın azərbaycanlı gənclərinə göstərdiyi xüsusi qayğını qeyd etmişdir. Bildirilmişdir ki, RAGB təşkilatı azərbaycanlı gənclərin birləşməsi və Rusiya cəmiyyətinə inteqrasiyası üçün bütün şəraiti yaratmışdır.

Gecədə “Vətən” ictimai təşkilatının sədri Məzahir Həsənov təbrik nitqi ilə çıxış etmişdir. O demişdir ki, çoxmillətli Rusiya cəmiyyətinin ayrılmaz hissəsi olan azərbaycanlılar tarixi Vətəndən uzaqda yaşasalar da, öz adət-ənənələrini unutmurlar. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xaricdəki həmvətənlərimiz tərəfindən, o cümlədən Peterburqda geniş qeyd olunur.

Sankt-Peterburq Dövlət Universitetinin postsovet məkanında beynəlxalq münasibətlər kafedrasının dosenti, tarix elmləri doktoru Niyazi Niyazov təkcə Rusiyanın yox, bütövlükdə dünya ictimaiyyətinin nəzərində Azərbaycanın və azərbaycanlıların imicinin yaxşılaşdırılmasının vacibliyini vurğulamışdır. O, bu prosesdə gənclərin xüsusi rolunu qeyd etmişdir.

Tədbirdə “Azərbaycan beynəlxalq arenada: son on ilin nailiyyətləri” filmi nümayiş etdirilmiş, tələbələr arasında Azərbaycanın tarixi ilə bağlı müsabiqə keçirilmiş, qaliblərə xatirə hədiyyələri təqdim olunmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.