SİYASƏT


Azərbaycanın Seçki Məcəlləsi azad, ədalətli və şəffaf seçkilərin keçirilməsinə tam imkan verir

Bakı, 19 dekabr, AZƏRTAC

Dekabrın 19-da Milli Məclisdə parlament seçkiləri ilə əlaqədar ölkəmizə səfərə gəlmiş ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Ehtiyacların Qiymətləndirilməsi missiyasının (EQM) Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri ilə görüşü olub.

AZƏRTAC-ın məlumatına görə, komitənin sədri Əli Hüseynli qonaqlara məlumat verib ki, əksər deputatlar Milli Məclisin buraxılması və seçkilərin təyin edilməsi ilə bağlı Azərbaycan Prezidentinə müraciət ediblər. Parlamentin müvafiq qərarının Azərbaycan Konstitusiyasına uyğunluğu Konstitusiya Məhkəməsində yoxlanılıb. Daha sonra ölkə Prezidenti Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 4 dekabr tarixli qərarını nəzərə alaraq, beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və parlamentə seçkilərin 2020-ci il fevralın 9-na təyin olunması barədə Sərəncam imzalayıb.

Əli Hüseynli ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) ilə əməkdaşlıq əlaqələrimizdən söz açıb, bu gün Azərbaycanda professional seçki administrasiyasının mövcud olduğunu diqqətə çatdırıb. O, EQM təmsilçilərinin nəzərinə çatdırıb ki, hazırkı Seçki Məcəlləsi ölkədə azad, ədalətli və şəffaf seçkilər keçirilməsinə tam imkan verir.

Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun baş seçki eksperti Aleksey Qromov Bakıya səfərin məramını açıqladıqdan sonra Milli Məclisin komitə sədri Əli Hüseynli və komitənin üzvü, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev seçki prosesi və qanunvericiliklə bağlı qonaqları maraqlandıran bütün suallara aydınlıq gətiriblər.

Görüşdə DTİHB-in seçki eksperti Radivoje Qrujiç, ATƏT PA-nın proqram və inzibati məsələlər üzrə məsul əməkdaşı Tim Knobjau iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.