İQTİSADİYYAT


“Azərbaycanın Statistik İnformasiya Xidməti – ASİS” statistik məlumatların yayım sistemi təqdim olunub

Bakı, 3 dekabr, AZƏRTAC

Dekabrın 3-də Dövlət Statistika Komitəsi və Koreya Statistika Komitəsi tərəfindən “Azərbaycan Respublikasında Statistik Potensialın Gücləndirilməsi” layihəsi çərçivəsində hazırlanmış “Azərbaycanın Statistik İnformasiya Xidməti – ASİS” statistik məlumatların yayım sisteminin təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov və Koreya Statistika Komitəsinin beynəlxalq əməkdaşlıq şöbəsinin direktoru Hyung Seog açılış nitqi ilə çıxış ediblər.

Qeyd olunub ki, müasir dövrdə statistik istehsal prosesinin təkmilləşdirilməsi, məlumatların keyfiyyətinin yüksəldilməsi və beynəlxalq müqayisəliliyin təmin edilməsi informasiya texnologiyalarının verdiyi imkanlardan daha geniş istifadəni şərtləndirir. İnnovativ texnologiyalar əsasında statistik potensialın gücləndirilməsi üçün həyata keçirilməsi tələb olunan belə fəaliyyətlərdən biri də rəsmi statistika sistemində vahid platforma üzərində metaməlumatlarla müşayiət olunan məlumat bazalarının yaradılması, onların müasir yayım standartlarına uyğun istifadəçilərə təqdim olunmasıdır ki, bu məqsədlə Dövlət Statistika Komitəsi tərəfindən zəruri addımlar atılır. Bununla əlaqədar Dövlət Statistika Komitəsi bir çox beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrin aidiyyəti qurumları ilə fəal əməkdaşlıq edir, qabaqcıl dünya ölkələrində tətbiq edilən innovativ yanaşmaların və ən yeni standartların öyrənilərək onların milli statistika sisteminə inteqrasiyası prosesini davamlı şəkildə həyata keçirir.

Koreyanın "NurimSoft" şirkətinin baş meneceri Keun Yong Kim və Dövlət Statistika Komitəsinin informasiya texnologiyaları şöbəsinin müdiri Çimnaz Əliyeva layihə çərçivəsində 2018-ci ildə birgə görülmüş işlər və hazırlanmış “Azərbaycanın Statistik İnformasiya Xidməti – ASİS” statistik məlumatların yayım sistemi haqqında ətraflı məlumat veriblər.

Sonra tədbir iştirakçılarına ASİS statistik məlumatların yayım sistemi real vaxt rejimində təqdim edilib. Qeyd olunub ki, ASİS-in əsas üstünlüyü onun istifadəçi yönümlü olmasıdır və hər bir istifadəçi bu imkandan yararlanmaqla məlumat bazasında yerləşdirilmiş rəsmi statistika məlumatları əsasında öz istəyinə uyğun real vaxt rejimində cədvəllər, dinamika sıraları tərtib edə, məlumatları qrafiklər vasitəsilə vizuallaşdıra, çap edə və yadda saxlaya bilər. ASİS sadə strukturda və məlumatların yayımı sahəsində beynəlxalq səviyyədə tətbiq olunan standartlara uyğun üslubda hazırlanıb ki, bu da rəsmi statistika məlumatlarından ölkə istifadəçiləri ilə yanaşı, xarici ölkə vətəndaşlarının və beynəlxalq təşkilatların daha rahat istifadəsinə imkan verəcək.

Sonda tədbir iştirakçılarını və KİV nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.