İQTİSADİYYAT
“Azərbaycanın Statistik İnformasiya Xidməti”nin yaradılmasında yerli mütəxəssislər də iştirak edib
Bakı, 3 dekabr, AZƏRTAC
“Azərbaycanın Statistik İnformasiya Xidməti”nin yaradılmasında yerli mütəxəssislər də iştirak edib.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov deyib. O bildirib ki, Dövlət Statistika Komitəsi və Koreya Statistika Komitəsi tərəfindən “Azərbaycan Respublikasında Statistik Potensialın Gücləndirilməsi” layihəsi çərçivəsində hazırlanan “Azərbaycanın Statistik İnformasiya Xidməti – ASİS” statistik məlumatların yayım sistemi istifadəçilərin məlumatlara olan ehtiyaclarının ödənilməsi məqsədi daşıyır. Bu xidmət sayəsində istifadəçilər öz istəklərinə uyğun cədvəl quracaq və məlumatları daha asan formada əldə edə biləcəklər. Həmçinin məlumatların inteqrasiyası, kompüterə yüklənməsi və ötürülməsi mümkün olacaq. Bu, rəsmi statistika istehsalı prosesinin vacib mərhələlərindən biri olan rəsmi statistika məlumatlarının yayımı hissəsində istifadəçilərin ehtiyaclarının ödənməsi sahəsində müvafiq təkmilləşdirmədir. Bu xidmətin yaradılmasında yerli mütəxəssislər də iştirak edib. Koreya Statistika Komitəsi ilə əməkdaşlıq gələn il də davam edəcək.