ELM VƏ TƏHSİL


Azərbaycanın Təhsil Nazirliyinin soydaşlarımız üçün göndərdiyi dərsliklər Gürcüstan tərəfinə təhvil verilib

Tbilisi, 7 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Təhsil Nazirliyi Gürcüstanın azərbaycandilli orta məktəblərinə 2020-2021-ci tədris ili üçün dərslik və metodik vəsaitlər göndərib.

AZƏRTAC xəbər verir ki, dərs vəsaitləri oktyabrın 7-də Azərbaycanın Gürcüstandakı səfirliyinin vasitəsilə bu ölkənin Təhsil və Elm Nazirliyinə təhvil verilib.

Bildirilib ki, təqdim olunmuş vəsaitlər 21 adda 17 848 nüsxə Ana dili və ədəbiyyatı dərsliyi və müəllimlər üçün metodik vəsaitlərdən ibarətdir.

Xatırladaq ki, Azərbaycan qonşu ölkədəki soydaşlarımızı dərsliklərlə 1994-cü ildən etibarən təmin edir. Bu günədək Gürcüstana 600 minə yaxın dərslik və digər metodik vəsaitlər çatdırılıb.

Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Ramel Lətifov jurnalistlərə açıqlamasında bildirib ki, Gürcüstanda Azərbaycan dilində təhsil alan şagirdlər üçün dərsliklər ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildən etibarən göndərilir. Ümummilli Liderimizin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycanın Təhsil Nazirliyi tərəfindən bu il də Gürcüstana yeni dərsliklər göndərilib. Bu il 21 adda 17 min 848 nüsxə Ana dili və ədəbiyyatı dərsliyi, müəllimlər üçün metodik vəsait göndərilib. Bu dərslik və metodik vəsait Gürcüstanın Təhsil və Elm Nazirliyinin xətti ilə azərbaycandilli məktəblərə paylanacaq.

Gürcüstan Təhsil və Elm Nazirliyinin məsul əməkdaşı Kaxa Xandolişvili jurnalistlərə müsahibəsində deyib ki, bu gün hər iki ölkənin təhsil nazirlikləri arasında sıx əməkdaşlıq mövcuddur.

Əldə olunmuş razılığa əsasən Azərbaycanın Təhsil Nazirliyi Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycan dili və ədəbiyyat dərslikləri, eləcə də metodik vəsaitlər göndərir.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin məsul əməkdaşı Məzahir Əliyev isə bildirib ki, Azərbaycan Prezidenti Gürcüstanda yaşayan soydaşlarımızın problemlərinin həlli üçün Gürcüstan dövləti ilə müvafiq işlər görür. Dərsliklərin göndərilməsi də soydaşlarımıza dəstəyin və birgə əməkdaşlığımızın nümunəsidir.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.