SİYASƏT


Azərbaycanın Türk Dövlətləri Təşkilatının işində fəal iştirakı məsələləri müzakirə olunub

Bakı, 26 may, AZƏRTAC

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov mayın 26-da Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevlə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Türk Dövlətləri Təşkilatı tərəfindən müxtəlif istiqamətlər üzrə həyata keçirilən fəaliyyət, habelə Azərbaycanın təşkilatın işində fəal iştirakı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının zəngin gündəliyinə istinad edib və bu xüsusda həyata keçirilən intensiv dialoqu məmnunluqla qeyd edib. O, Türk Dövlətləri Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Baş katib Bağdad Amreyev Azərbaycana səfərindən məmnunluqla bəhs edərək, dövlətimizin başçısı ilə keçirilmiş görüşün, habelə bu çərçivədə keçiriləcək Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin informasiya və yüksək texnologiyalar nazirlərinin toplantısının əhəmiyyətini diqqətə çatdırıb. Baş katib Şuşa şəhərinin 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edildiyini xatırladaraq, bununla əlaqədar Şuşada bir sıra mədəniyyət tədbirlərinin keçiriləcəyini bildirib. O, həmçinin Türk Dövlətləri Təşkilatı tərəfindən Şamaxı şəhərinin 2023-cü il üçün “Türk dünyasının turizm paytaxtı” seçildiyini xatırladıb və bunun Türk Dövlətləri Təşkilatı ölkələrinin turizm sahəsində əməkdaşlığının inkişafına müsbət töhfə verəcəyini bildirib.

Görüşdə, həmçinin təşkilat tərəfindən növbəti aylarda keçirilməsi nəzərdə tutulan tədbirlər barədə müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.