SİYASƏT


Azərbaycanın Türkiyədəki səfiri Zonquldak vilayətində görüşlər keçirib

Ankara, 5 iyul, AZƏRTAC

Azərbaycan Türkiyədəki səfiri Rəşad Məmmədov iyulun 4-də qardaş ölkənin Zonquldak vilayətinə səfər edib və bir sıra görüşlər keçirib.

Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, səfir Zonquldak bələdiyyəsini ziyarət edib və bələdiyyə rəhbərliyi ilə keçirilən görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin xüsusi əhəmiyyətinə diqqət çəkərək, ikitərəfli münasibətlərin inkişafı üçün bundan sonra da çalışmağa davam edəcəyini bildirib.

Zonquldak valisi Mustafa Tutulmazla keçirilən tanışlıq görüşündə iki qardaş ölkə arasında əməkdaşlıq imkanları müzakirə edilib, Türkiyənin mədən sənayesində qabaqcıl vilayətlərindən olan Zonquldakla Azərbaycanın müvafiq bir şəhəri arasında qardaşlaşmış şəhər münasibətlərinin yaradılmasına dair fikir mübadiləsi aparılıb. Daha sonra səfir valinin müşayiəti ilə Türkiyədə ən zəngin daş kömür yataqlarına malik olan Zonquldakda yerləşən Mədən Muzeyini və Kömür Təcrübə Ocağını gəzərək onların fəaliyyəti ilə bağlı ətraflı məlumat alıb.

Səfir Rəşad Məmmədov, həmçinin Zonquldak Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Mətin Dəmirlə də görüşüb.

Burada Palatanın investisiya qoymaq üçün maraqlı olduğu sahələr barədə məlumat verilib. Səfir R.Məmmədov vilayətdəki iş adamlarına Azərbaycandakı investisiya imkanları barədə məlumat verərək onları xüsusilə işğaldan azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma işləri aparılan sahələrə investisiya yatırmağa dəvət edib. Aparılmış müzakirələr nəticəsində əməkdaşlıq fürsətlərinin qiymətləndirilməsi məqsədilə yerli iş adamlarından ibarət heyətin Azərbaycana, azərbaycanlı iş adamlarının isə Zonquldaka səfərinin təşkili ilə bağlı razılıq əldə olunub.

Bülent Ecevit Universitetini ziyarət edən səfir Rəşad Məmmədov rektor vəzifəsini icra edən professor Hakan Kutoğlu ilə bir araya gəlib. Görüşdə Universitetin Azərbaycan universitetləri ilə əməkdaşlıq imkanları, yeni yaradılacaq neft-kimya fakültəsi üçün bu sahədə inkişaf etmiş Azərbaycan universitetlərinin təcrübəsinin öyrənilməsi, tələbə mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə olunub.

Səfir Bülent Ecevit Universitetində oxuyan azərbaycanlı tələbələrin təhsili ilə də maraqlanıb.

 
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.