SİYASƏT
Azərbaycanın Türkmənistandakı səfirliyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təntənəli qəbul keçirmişdir
Aşqabad, 29 dekabr (AZƏRTAC). Azərbaycanın Türkmənistandakı səfirliyi Aşqabadda Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş təntənəli qəbul keçirmişdir. “Euphoria” əyləncə mərkəzində keçirilən qəbulda həmvətənlilərimiz, ziyalılar və iş adamları iştirak etmişlər.
Səfir Vəhdət Sultanzadə tədbir iştirakçılarını Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə soydaşlarımıza ünvanlanmış müraciətinin mətni ilə tanış edərək demişdir: Böyük qürur hissi ilə qeyd etdiyimiz bu əziz gün ümummilli lider Heydər Əliyevin müdrikliyi sayəsində təqvimə salınmışdır. 31 dekabr müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Həmrəylik gününün qeyd edilməsi artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir.
Vəhdət Sultanzadə onu da qeyd etmişdir ki, azərbaycanlıların yaşadıqları və fəaliyyət göstərdikləri ölkələrdə bu tendensiya özünü daha qabarıq şəkildə göstərir. Diaspor təşkilatları getdikcə güclənirlər, öz qüvvələrini birləşdirmək və səfərbər etməkdə qərarlıdırlar.
Səfir bildirmişdir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü soydaşlarımızın yaşadıqları hər bir ölkədə qeyd olunur, milli birlik və həmrəyliyimizə xidmət edir.
Tədbir bayram süfrəsi arxasında, milli musiqi sədaları altında davam etdirilmişdir.
İlahə Əhmədova
AZƏRTAC-ın müxbiri
Aşqabad