SİYASƏT


Azərbaycanın Türkmənistandakı səfirliyi üçün bina kompleksinin təməlqazma mərasimi keçirilib

Aşqabad, 30 may, AZƏRTAC

28 May – Respublika Günü münasibətilə Aşqabad şəhərində diplomatik nümayəndəliklərin yerləşdiyi ərazidə Azərbaycanın Türkmənistandakı səfirliyi üçün bina kompleksinin təməlqazma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, inşaat üçün keçirilmiş tenderin qalibi olmuş “Zaman Qurlışıq” şirkətinin və şəhər icra hakimiyyəti nümayəndələrinin də iştirak etdiyi mərasimdə səfir Həsən Zeynalov çıxış edib. O bildirib ki, səfirlik üçün yeni bina kompleksinin inşaatı Azərbaycan-Türkmənistan əlaqələrinin göstəricisidir. İki ölkənin prezidentləri bu əlaqələrə əhəmiyyət verirlər. Bu mühüm hadisənin Azərbaycan xalqının dövlətçilik tarixinin ən əlamətdar günlərindən birinə – Respublika Gününə təsadüf etməsi də xoş haldır.

Daha sonra səfirlikdə Respublika Günü münasibətilə Aşqabadda yaşayan soydaşlarımızın iştirakı ilə məlum şəraitin imkan verdiyi çərçivədə tədbir davam etdirilib. Səfir Həsən Zeynalov diqqətə çatdırıb ki, Cümhuriyyət 23 ay, 1920-ci ilin aprelində bolşevik işğalınadək yaşamasına baxmayaraq, Azərbaycan xalqının milli demokratik dövlət qurmaq qabiliyyətini sübut edib. Müasir müstəqil Azərbaycan Respublikası Cümhuriyyətin siyasi, hüquqi və mənəvi varisidir və onun dövlət rəmzlərini qəbul edib. 1993-cü ilin ortalarından etibarən təcrübəli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda güclü dövlət, demokratik vətəndaş cəmiyyəti yaradılıb. Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir və ölkəmizin dünyada mövqeyi daha da möhkəmləndirilib.

Səfir bildirib ki, çoxsaylı nailiyyətlərlə yanaşı, Azərbaycanın hələ də Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan tərəfindən işğalı ilə bağlı ciddi, həll olunmamış problemi mövcuddur. Münaqişə Azərbaycanın yalnız beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində həll oluna bilər.

Azərbaycan-Türkmənistan münasibətlərindən söz açan diplomat bu əlaqələrin ən yüksək səviyyədə olduğunu, son illərdə iki dövlətin liderlərinin üç rəsmi səfərinin həyata keçirildiyini xatırladıb. Bildirib ki, “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji Əməkdaşlıq haqqında Bəyannamə” münasibətlərimizdə mühüm rol oynayır və əməkdaşlığımızın əsas prioritetlərini müəyyənləşdirir. Azərbaycan və Türkmənistan xüsusən pandemiya şəraitində regionda yüklərin daşınmasında vacib ölkələrə çevrilib.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Aşqabad 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.