CƏMİYYƏT


Azərbaycanın Ukrayna əsilli Milli qəhrəmanlarının ailə üzvləri Dövlət Komitəsində olublar

Bakı, 1 dekabr, AZƏRTAC

Diasporla İş üzrə Dövlət Komitəsində Azərbaycanın Ukrayna əsilli Milli qəhrəmanları Viktor Seryogin və Ruslan Polovinkanın ailə üzvləri və yaxınları ilə görüş keçirilib.

Dıasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Komitənin şöbə müdiri Ruslan Quliyev, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının nümayəndəsi Cəmilə Abdullayeva, Viktor Seryoginin qızı Oksana Seryogina, nəvəsi Vlada Dumanenko, Ruslan Polovinkanın uşaqlıq dostu Pavel Holodnikov iştirak ediblər.

Dövlət Komitəsində qonaqları salamlayan R.Quliyev diasporumuzun Ukraynada, o cümlədən Xarkov şəhərində fəaliyyətindən, Azərbaycan-Ukrayna münasibətlərindən, ölkələrimizin bir-birinin ərazi bütövlüyünü dəstəkləməsindən, humanitar sahədə həyata keçirilən layihələrdən danışıb.

Oksana Seryogina və Pavel Holodnikov qeyd ediblər ki, Azərbaycan dövləti hər zaman Milli qəhrəmanlarımızın xatirəsini əziz tutur, şəhid ailələrinin üzvlərinə böyük diqqət və qayğı göstərir. Onlar bu həssas münasibətə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qonaqlar ötən il Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahı Qüvvələrimizin qazandığı parlaq Qələbənın birinci ildönümü münasibətilə xalqımızı təbrik ediblər.

Oksana Seryogina atasının Ukraynanın Xarkov şəhərində xatirə lövhəsinin açılmasında “Dostluq” Ukrayna-Azərbaycan Cəmiyyətinin sədri Murad Ömərovun, Ukraynanın Xalq rəssamı, heykəltəraş Seyfəddin Qurbanovun (bu yaxınlarda vəfat edib) və digər diaspor fəallarının böyük əməyinin olduğunu diqqətə çatdırıb.

Sonda Komitə adından Milli qəhrəmanların ailə üzvlərinə və yaxınlarına hədiyyələr təqdim edilib, birgə xatirə fotosu çəkdirilib.

Qeyd edək ki, 1944-cü il təvəllüdlü Viktor Seryogin 1992-ci il yanvarın 28-də Şuşadan dinc sakinləri təxliyə edərkən, 1969-cu il təvəllüdlü Ruslan Polovinka isə 1992-ci il avqustun 6-da hərbi tapşırığı yerinə yetirərkən qəhrəmancasına həlak olublar. Onlar ölümlərindən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.