SİYASƏT
Azərbaycanın Ukraynadakı səfirliyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təntənəli tədbirlər keçirmişdir
Kiyev, 29 dekabr (AZƏRTAC). Dekabrın 28-də Ukraynadakı səfirliyimiz Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təntənəli tədbirlər keçirmişdir.
Əvvəlcə səfir Eynulla Mədətli başda olmaqla diplomatlarımız, Türkiyənin Ukraynadakı səfiri Mehmet Samsar, Dnepropetvovsk Vilayət Sovetinin deputatı Fəxrəddin Muxtarov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Kiyev ofisinin rəhbəri Elçin Məmmədov, Kiyevdə GÜAM Katibliyinin məsul əməkdaşı Səbuhi Temirov, “Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu” (UABD) Ümumukrayna İctimai Təşkilatının rəhbəri Hikmət Cavadov, elmi ziyalıların və Ukraynada fəaliyyət göstərən regional diaspor təşkilatlarının əksəriyyətinin nümayəndələri Ukraynanın paytaxtında ulu öndər Heydər Əliyevin adını daşıyan parkda onun abidəsi önünə tər çiçəklər düzmüşlər.
Sonra Azərbaycanın və Ukraynanın dövlət bayraqları ilə bəzədilmiş diplomatik nümayəndəliyimizdəki “Naxçıvan” salonunda tədbirin təntənəli açılış mərasimi olmuşdur.
Səfir qonaqları səmimi salamladıqdan sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir.
Sonra diplomatik nümayəndəliyimizin rəhbəri Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarına müraciətinin mətnini oxumuşdur. Müraciət gurultulu alqışlarla qarşılanmışdır.
Diplomat 2013-cü ildə Azərbaycan –Ukrayna münasibətlərində baş vermiş mühüm hadisələrdən – noyabrın 17-18-də Prezident İlham Əliyevin Kiyevə tarixi səfərindən, səfirlik tərəfindən Kiyevdə ARDNŞ ilə birlikdə ən gözəl parklardan birinin – Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan parkın təntənəli açılışı mərasimindən, Böyük Vətən Müharibəsi illərində keçmiş 77-ci atıcı diviziyasının azərbaycanlı döyüşçülərinin misilsiz qəhrəmanlığı şərəfinə Sevastopoldakı “Sapun-qora” memorial kompleksinin Azərbaycan büdcəsi hesabına yenidən qurulmasından danışmışdır. Səfir həmçinin Ukraynanın bir sıra regionlarında Böyük Vətən Müharibəsində iştirak etmiş azərbaycanlı qəhrəmanlara abidələr ucaldılmasından, üç alimimizin müxtəlif elmi mövzular üzrə doktorluq dissertasiyalarını müvəffəqiyyətlə müdafiə etməsindən söhbət açmışdır.
Diplomatik nümayəndəliyimizin rəhbəri xüsusilə qeyd etmişdir ki, “BakuTel-2013” Beynəlxalq telekommunikasiya və informatika texnologiyaları sərgisi çərçivəsində dünya azərbaycanlılarının I onlayn-forumu keçirilmişdir. Bu forumda bir sıra ölkələrin, o cümlədən Ukraynanın diaspor təşkilatlarının nümayəndələri iştirak etmişlər. Onlar həmçinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək şərəfinə nail olmuşlar.
Sonra səfir istər mərkəzdə, istərsə də yerlərdə həmvətənlərimizin Ukraynanın ictimai-siyasi həyatında getdikcə daha fəal rol oynadıqlarını, onların tarixi Vətənlə əlaqələrinin möhkəmləndiyini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətin Ukrayna ictimaiyyətinə çatdırıldığını bildirmişdir.
Bununla yanaşı səfir diasporun ayrı-ayrı təşkilatlara bölünməsindən bir qədər narahat olduğunu qeyd etmişdir. Lakin o tam əmin olduğunu bildirmişdir ki, həmin təşkilatların hamısı bir güclü, yekdil ictimai qüvvəyə çevriləcəkdir. Axı ilk növbədə Azərbaycanın başlıca problemini - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün sıx birləşmək son dərəcə zəruridir. Diplomat qeyd etmişdir ki, biz yalnız birlikdə, əlbir olaraq azərbaycançılıq ideyasını həyata keçirə bilərik, nəzərdə tutulan oriyentirlərə doğru ardıcıl və sistemli şəkildə irəliləyərik.
O, Fəxrəddin Muxtarov, Sumı Vilayət Sovetinin deputatı Əfqan Salmanov, Çerniqov Vilayət Apellyasiya məhkəməsinin sədri Sadiq Tağıyev, tibb üzrə tanınmış alim, akademik Məmməd Bağırov, Hikmət Cavadov, Oleq Krapivin, Ukrayna Azərbaycanlıları Liqasının sədri Sərxoş İsmayılov, hüquq elmlər doktoru, Kiyev Milli Aviasiya Universitetinin professoru, Ukraynanın Əməkdar təhsil işçisi Arif Quliyev, Ukrayna Azərbaycanlılarının Birləşmiş Konqresinin rəhbəri Rövşən Tağıyev, Nikolayevsk vilayətindəki diasporumuzun lideri Ələddin Məhərrəmov, ÜAK-ın Dnepropetrovsk Vilayət Təşkilatının sədri Qüdrət Hacıyev, “Dostluq” Azərbaycan-Ukrayna Xarkov Vilayət Təşkilatının rəhbəri Murad Ömərov, Bakı Slavyan Universitetinin dəstəyi ilə Poltava İqtisadiyyat və Ticarət Universitetində yaradılmış Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzinin direktoru, dosent Yaşar Alxasov, Ukrayna Azərbaycanlı Gənclər İttifaqının sədri Anar Tahirov və başqalarını Ukraynadakı diasporumuzun layiqli nümayəndələri adlandırmışdır.
Bu gün adları çəkilən şəxslərin çoxu geniş fəaliyyətinə və diaspor hərəkatına şəxsi töhfəsinə görə səfir tərəfindən fəxri fərmanlar və diplomlarla mükafatlandırılmışdır.
Türkiyənin Ukraynadakı səfiri Mehmet Samsar həmvətənlərimizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə səmimi təbrik etdikdən sonra bayram konserti olmuşdur.
Konsertdə Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın Xalq Artisti Qurban Abbasov, T.Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun III kursunda təhsil alan əlaçı tələbə Nərminə Məmişova, “Azərbaycan” Xalq Mahnı və Rəqs Ansamblının solisti, estrada ifaçılarının beynəlxalq müsabiqələrinin laureatı Təranə Məmmədova, beynəlxalq müsabiqələr laureatı, Qliyer adına Kiyev Musiqi İnstitutunun fortepiano müəllimi Oksana Antonenko, xoreoqrafiya məktəbinin ikinci sinif şagirdləri Ayna Osmanova və Denis Xruşşi çıxış etmişlər.
Proqramda Azərbaycan və Ukrayna bəstəkarlarının mahnıları, romansları və melodiyaları səsləndirilmişdir.
Bayram gecəsinin sonunda qəbul təşkil edilmişdir.
Tədbir Azərbaycan, Türkiyə və Ukrayna KİV-lərinin nümayəndələri tərəfindən işıqlandırılmışdır.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev