SİYASƏT
Azərbaycanın Ukraynadakı səfirliyi və “Vətən” Krım-Azərbaycan konqresi Krımda yol-nəqliyyat qəzasına düşmüş idmançılarımıza kömək etmişlər
Kiyev, 14 oktyabr (AZƏRTAC). KİV-lərin xəbər verdiyi kimi, Krımda keçirilən mötəbər beynəlxalq turnirə avtomobillə yollanan şərq təkbətək döyüşü üzrə yeddi Azərbaycan idmançısı dağ yolunda ağır yol-nəqliyyat qəzasına düşmüşlər. İdmançılarımız ağır xəsarətlərlə Simferopol şəhərinin Semaşko adına Krım Respublika Xəstəxanasına yerləşdirilmişlər.
Ceyhun Söhbətovun yaraları daha ağır olmuşdur. Nə o, nə də digər idmançılarımız ağır vəziyyətdə tək qalmamışlar. Azərbaycanın Ukraynadakı səfirliyi və “Vətən” Krım-Azərbaycan konqresi soydaşlarımızın köməyinə gəlmişlər. Səfir Eynulla Mədətli klinikanın rəhbərliyinə telefonla zəng etmiş və zəruri yardım təklif etmişdir, səfirliyin əməkdaşları idmançılarla daim telefon əlaqəsi saxlamışlar. “Vətən” konqresinin üzvləri lazımi dərmanlar almış, soydaşlarımıza diqqət və qayğı göstərmişlər.
Türkiyənin Ukraynadakı səfiri, hazırda Krım Muxtar Respublikasında işgüzar səfərdə olan Əhməd Bülent Meriç Simferopol xəstəxanasının rəhbərliyi və Ceyhun Söhbətovla görüşmüşdür.
Oktyabrın 15-də Ceyhun “Vətən” cəmiyyəti üzvlərinin onun üçün sifariş verdiyi aviauçuşlar üçün xüsusi avadanlığın köməyi ilə Simferopoldan Moskvaya uçacaqdır. O, Rusiya paytaxtının xəstəxanalarından birində reabilitasiyasını davam etdirəcəkdir.
Ceyhun Söhbətov telefon vasitəsilə AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində idmançılarımıza və şəxsən ona mənəvi və maddi yardım göstərənlərin hamısına, habelə simferopollu həkimlərə təşəkkürünü çatdırmağı xahiş etmişdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev