İQTİSADİYYAT


Azərbaycanın Ümumi Tranzit Konvensiyasına qoşulması gömrük proseslərinin daha da sadələşdirilməsində xüsusi rol oynayacaq

Bakı, 31 oktyabr, AZƏRTAC

Azərbaycanın Ümumi Tranzit Konvensiyasına qoşulması gömrük proseslərinin daha da sadələşdirilməsi və sənədləşmə işlərinin azaldılmasında xüsusi rol oynayacaq.

Alman-Azərbaycan Xarici Ticarət Palatasından (AHK Azərbaycan) AZƏRTAC-a bildiriblər ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev oktyabrın 31-də palataya üzv şirkətlər üçün təşkil edilmiş növbəti AHK-İmpuls tədbirində deyib.

Tədbirin əsas mövzusu Azərbaycanda gömrük sahəsində davam edən islahatlar və son yeniliklər olub. Tədbirin fəxri qonağı Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Ticarətin asanlaşdırılması üçün aparılan gömrük islahatları" mövzusunda məruzə ilə çıxış edib. Gömrük sistemində aparılan əsas islahatlar haqqında məlumat verən S.Mehdiyev şəffaflığın təmin olunması və korrupsiyaya qarşı mübarizənin aparılması nəticəsində idxalda artımın müşahidə olunduğunu deyib. Komitə sədri, həmçinin beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində atılan addımlar, Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq nəticəsində Aİ ölkələrinin gömrük sistemləri modelinin Azərbaycanda tətbiqi haqqında danışıb və dünya ticarətində baş verən yeniliklərin Azərbaycanda gömrük sahəsindəki islahatlarda nəzərə alındığını bildirib.

Qeyd olunub ki, Azərbaycanın Ümumi Tranzit Konvensiyasına qoşulması gömrük proseslərinin daha da sadələşdirilməsi və sənədləşmə işlərinin azaldılmasında xüsusi rol oynayacaq. Bu sahədə işçi qrupu yaradılıb və layihənin ilkin mərhələsi həyata keçirilməkdədir.

Müasir və sadə prosedurların tətbiqi və qanunvericiliyə uyğunlaşdırılması barədə çıxış edən DGK sədri yaşıl dəhliz sisteminin təkmilləşdirilməsi və gömrük xidmətlərinin səviyyəsinin yüksəldilməsi istiqamətində aparılan işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb, gömrük rüsumlarının ödənilməsində könüllülük prinsipinin tətbiqinin vacibliyini vurğulayıb.

Təşkilati-struktur və kadr islahatlarına xüsusilə toxunan S.Mehdiyev komitədə ciddi kadr dəyişiklikləri və struktur islahatlarının həyata keçirilməkdə olduğunu bildirib. Yeni gömrük məcəlləsi və normativ sənədlərin beynəlxalq ekspertlərin rəy və tövsiyələri nəzərə alınaraq qəbul olunduğu, strukturda Avropa standartlarının tətbiq olunduğu qeyd olunub. Eyni zamanda, bildirilib ki, məmur-vətəndaş təmasının minimuma endirilməsi qurumun hazırkı prioritetlərindən biridir və bu istiqamətdə elektron xidmətlərin keyfiyyətinin və sayının artırılması və statistik məlumatların hökumət məlumat portalına inteqrasiyası sahəsində görülən işlər davam etdirilir.

Çıxışının sonunda komitə sədri bu cür görüşlərin gömrük sahəsində aparılan tədbirlərin uğurlu şəkildə davam etdirilməsinə töhfə verdiyini və tədbirdə biznes nümayəndələri tərəfindən irəli sürülən rəy və təkliflərin gələcək islahatlarda nəzərə alınacağını qeyd edib.

"AHK Azərbaycan" üzvlərinin gömrüklə bağlı sorğularının cavablandırıldığı sual-cavab sessiyasından sonra "BDO Azərbaycan" MMC şirkətinin hüquqi xidmətlər departamentinin rəhbəri Sabit Abdullayev və baş meneceri Azər Əkbərov "Azərbaycanda hasilat sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanmasına dair yol xəritəsinin tətbiqinə dəstək" mövzusunda təqdimat keçirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.