İDMAN
Azərbaycanın WK-1 idman növü üzrə komandaları Rusiya açıq çempionatına qələbə əzmi ilə gedirlər
Tbilisi, 30 iyun, AZƏRTAC
Azərbaycanın WK-1 idman növü üzrə həvəskarlardan və peşəkarlardan ibarət yığma komandalarının üzvləri Gürcüstan paytaxtında təlim-məşq toplantılarını başa vurublar.
AZƏRTAC xəbər verir ki, WK-1 növü ilə məşğul həvəskarlardan ibarət komanda artıq Sankt-Peterburqa yola düşüb. Onlar Avropa kəməri uğrunda Rusiyada keçiriləcək açıq çempionatda iştirak edirlər.
Peşəkar idmançılarımız isə bu gün sonuncu məşqlərini bitirdikdən sonra Sankt-Peterburqa gedəcəklər.
Peşəkarlar arasında dünya və Avropa çempionu, "Qartal" İdman Klubunun yetirməsi Murad Babayev jurnalistlərə müsahibəsində deyib: "Azərbaycanda və Gürcüstanda üç təlim-məşq toplantısı keçirdik. İyulun 1-də Sankt-Peterburqda keçiriləcək açıq çempionatda iştirak edəcəyəm. Bu döyüşdə rəqibim pakistanlı idmançı Aşfad Muhəmməd olacaq. İnanıram ki, bu dəfə də Azərbaycan bayrağını yüksəldəcək və Vətənə qızıl medalla qayıdacağam".
Xatırladaq ki, M.Babayev 71 kiloqram çəki dərəcəsində peşəkarlar arasında indiyədək keçirdiyi yeddi döyüşün hamısını qələbə ilə başa vurub.
Digər legioner idmançımız Yasin Muhtar Behnəfs isə 91 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparacaq. O, deyib: "Mən əvvəllər həvəskar idmançı kimi döyüşmüşəm və bir dəfə dünya kubokunun sahibi olmuşam. Peşəkarlar arasında bu mənim ilk döyüşüm olacaq. İnanıram ki, bu döyüşdə də qalib gələcəyəcəm".
Y.M.Behnəfsin Sankt-Peterburqdakı rəqibi rusiyalı idmançı Aleksey Tkaçov olacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi