SİYASƏT


Azərbaycanın Xarici İşlər naziri TBMM-in Sədri ilə görüşüb VİDEO

Bakı, 20 oktyabr, AZƏRTAC

Oktyabrın 20-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, türkiyəli qonaqları səmimiyyətlə salamlayan nazir Ceyhun Bayramov dövlətlərimiz arasında əlaqələrin xüsusi önəm daşıdığını, bütün sahələrdə yüksək səviyyəli əlaqələrin uğurla inkişaf etdiyini bildirib və bu səfərin qarşılıqlı əməkdaşlığın inkişafına xidmət edəcəyini bildirib.

Nazir Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq həyata keçirdiyi cavab əməliyyatları və bu xüsusda qardaş Türkiyənin ölkəmizə verdiyi dəstəyi, o cümlədən Türkiyə Respublikasının Prezidenti başda olmaqla bütün səviyyələrdə, habelə Böyük Millət Məclisi tərəfindən sərgilənən dəstəyi çox yüksək qiymətləndirib.

Mustafa Şentop Azərbaycana səfərinin əvvəlcədən planlaşırıldığını, lakin baş verən hadisələr fonunda onun xüsusi əhəmiyyət kəsb etdiyini söyləyib. Türkiyənin hər zaman dost və qardaş Azərbaycanın yanında olduğunu vurğulayan Türkiyə Böyük Millət Məclisinin Sədri Dağlıq Qarabağ bölgəsinin həm tarixi, həm də hüquqi baxımdan Azərbaycan ərazisi olduğunu bildirib, beləliklə də Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq mövqeyindən çıxış etdiyini səsləndirib.

Mustafa Şentop Ermənistanın son hücumlarının, xüsusilə də mülki əhalinin məqsədyönlü şəkildə hədəfə alınmasının Ermənistanın sadəcə Azərbaycan üçün deyil, bütün bölgə üçün təhlükə mənbəyi olduğunu vurğulayıb. O, Ermənistanın cəbhə bölgəsindən uzaqda yerləşən şəhərləri və dinc əhalini atəşə tutmaqla məqsədinin münaqişənin coğrafiyasını genişləndirmək, üçüncü dövlətləri bu münaqişəyə cəlb etmək olduğunu bildirib. Türkiyənin Ermənistanın bu işğalçı siyasətinə qarşı olduğunu, bölgədə sülh və təhlükəsizliyin təmin olunması mövqeyindən çıxış etdiyi səsləndirən Türkiyə Böyük Millət Məclisinin Sədri məhz bu səbəbdən də ölkəsinin Azərbaycanın haqlı mövqeyini sonadək dəstəkləyəcəyini vurğulayıb.

Nazir Ceyhun Bayramov Mustafa Şentopa minnətdarlığını bildirib. Azərbaycan və Türkiyə arasındakı yüksək səviyyəli tərəfdaşlığın bölgədə sülh, təhlükəsizlik və rifahın təmin olunmasına xidmət edəcəyindən əminliyini ifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.