SİYASƏT


Azərbaycanın Xarici İşlər naziri litvalı həmkarı ilə telefonla danışıb

Bakı, 17 iyul, AZƏRTAC

İyulun 17-də Xarici İşlər naziri Ceyhun Bayramov ilə Litva Xarici İşlər naziri Linas Linkeviçius arasında telefon danışığı olub.

Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Telefon danışığı zamanı nazir Linas Linkeviçius Azərbaycan Respublikasının Xarici İşlər naziri təyin olması münasibətilə Ceyhun Bayramovu təbrik edib, ona gələcək fəaliyyətində müvəffəqiyyətlər arzu edib.

Nazirlər ikitərəfli əməkdaşlıq münasibətlərinin gündəliyində olan bir sıra məsələlər və onların inkişaf perspektivləri üzrə fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində törətdiyi hərbi təxribat və bölgədə hələ də davam edən gərgin vəziyyət barədə litvalı həmkarını məlumatlandırıb. O, bölgədə yaşanan gərginliyin əsas səbəbinin Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxındır ki, davam edən təcavüz siyasəti və Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının hərbi işğal altında saxlaması, eləcə də bu ərazilərdə yerli azərbaycanlılara qarşı etnik təmizləmənin həyata keçirilməsi olduğunu qarşı tərəfin diqqətinə çatdırıb. Bölgədə dayanıqlı sülh və təhlükəsizliyin təmin olunmasının yeganə yolunun işğalçı Ermənistan qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxarılması və bütün məcburi köçkünlərin öz evlərinə geri qayıtmasının təmin olunmasından ibarət olduğu vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.