SİYASƏT


Azərbaycanın Zəfər Günü Pakistanın paytaxtı İslamabadda təntənəli şəkildə qeyd olunub

İslamabad, 9 noyabr, АZƏRTAC

Azərbaycanın Pakistandakı səfirliyinin nəzdində Hərbi attaşe aparatı tərəfindən İslamabad şəhərinin “Serena” otelində təşkil olunan rəsmi qəbulda Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, ordu generalı Nadim Raza, Azərbaycan Milli Məclisinin deputatı Mahir Abbaszadə, Pakistan Silahlı Qüvvələrinin otuzdan çox generalı, hökumət nümayəndələri, parlament üzvləri, ölkənin tanınmış ictimai-siyasi xadimləri, xarici ölkələrin Pakistandakı səfirləri və hərbi attaşeləri, digər diplomatlar, Pakistanda yaşayan azərbaycanlılar iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın və Pakistanın Dövlət himnləri səsləndirildikdən sonra Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov iştirakçıları salamlayıb, Vətən müharibəsi şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad olunub.

Səfir Azərbaycan torpaqlarının 20 faizinin 30 ilə yaxın bir müddətdə Ermənistan tərəfindən işğalı, Azərbaycan xalqına qarşı törədilən etnik təmizləmə siyasəti, Xocalı soyqırımı və digər müharibə cinayətləri, həmçinin Azərbaycan torpaqlarının mədəni və ekoloji terrora məruz qalması barədə söz açıb. Diplomat işğal altındakı Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad olunmasını tələb edən BMT Təhlükəsizlik Şurasının (TŞ) 4 qətnaməsinin və digər beynəlxalq təşkilatların qərarlarının icra olunmadığını vurğulayıb. Ermənistanın növbəti təxribatlarından sonra 2020-ci il sentyabrın 27-də Azərbaycan genişmiqyaslı hücum əməliyyatlarına başlayıb və bu, ölkəmizin özünü müdafiə hüququndan istifadə etməsidir. Şanlı Azərbaycan Ordusu Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanaraq ölkənin ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi, BMT TŞ-nin qətnamələrini yerinə yetirdi. Səfir Vətən müharibəsi zamanı Türkiyə və Pakistanın Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyin dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb, bu dəstəyə görə Pakistan dövlətinə təşəkkür edib.

Azərbaycan Silahlı Qüvvələrinin Pakistandakı hərbi attaşesi, polkovnik Mehman Novruzov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi və rəşadətli Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, xüsusilə Şuşa əməliyyatı haqqında iştirakçılara məlumat verib. O, Azərbaycan Silahlı Qüvvələrinin bir çox dost ölkə ilə ikitərəfli hərbi əməkdaşlıq münasibətlərinin olduğunu, Türkiyə və Pakistanın ön sırada yer aldığını qeyd edib. M.Novuzov 20 ildən artıq müddətdə uğurla davam edən Azərbaycan-Pakistan ikitərəfli hərbi əməkdaşlığının əsas prioritet sahələri haqqında qonaqlara məlumat verib və bu əməkdaşlıq nəticəsində Azərbaycan Ordusunun yüzlərlə hərbi qulluqçusunun Pakistanın müxtəlif hərbi təhsil müəssisələrində ixtisasartırma kurslarında iştirak etdiyini bildirib. Hərbi attaşe Vətən müharibəsi şəhidləri sırasında vaxtilə Pakistanda hərbi təhsil proqramlarında iştirak edən onlarla hərbi qulluqçunun, həmçinin polkovnik-leytenant Anar Əliyevin olduğunu bildirib. Vətən müharibəsində göstərdiyi şücaətə görə o, ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.

Hərbi attaşe sentyabr ayında ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının iştirakı ilə Azərbaycanda “Üç Qardaş-2021” beynəlxalq xüsusi təyinatlı qüvvələr təliminin keçirildiyini vurğulayıb. O, Azərbaycan və Pakistan arasında hərbi əməkdaşlığın ölkələrimizin siyasi və hərbi rəhbərliklərinin mütəmadi görüşləri nəticəsində müəyyən olunan yeni istiqamət və əməkdaşlıq sahələri üzrə bundan sonra da davam edəcəyini bildirib.

Tədbirdə Azərbaycandan dəvət olunan sənətçilər Pərviz Abdullayev, Zeynəb Abdullayeva və Ruslan Cabbarov Azərbaycan xalq mahnılarını və rəqslərini ifa ediblər.

Mərasimdə Azərbaycanın Vətən müharibəsinə və Zəfər Gününə dair müxtəlif videoçarxlar, stendlər nümayiş etdirilib, Azərbaycan həqiqətləri ilə bağlı kitablar, bukletlər və digər əyani materiallar, həmçinin Azərbaycan Ordusunun zəfər simvolu kimi tanınan nişanlar tədbir iştirakçılarına paylanıb.

Rəsmi qəbul Pakistanın televiziya kanalları və nüfuzlu kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.