İDMAN


Azərbaycanın beş boksçusu Millətlər kubokunun yarımfinalına vəsiqə qazanıb

Bakı, 13 avqust, AZƏRTAC

Serbiyanın Vrbas şəhərində yeniyetmə boksçular arasında Millətlər kuboku davam edir.

Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a bildiriblər ki, 18 ölkədən 151 idmançının qatıldığı ənənəvi yarışda dörddəbir final mərhələsi başa çatıb.

Yarımfinala gedən yolda Azərbaycan millisinin daha beş boksçusu qüvvəsini sınayıb. Məşqçi Ağası Məmmədovun rəhbərlik etdiyi komandada Məhəmmədəli Aşırəliyev (54 kq) rumıniyalı Dani Qriqori ilə üz-üzə gəlib. İlk görüşdə Simon Qloriosonu (İtaliya) mübarizədən kənarlaşdıran həmyerlimiz bu dueldən də qalib ayrılıb – 5:0. O, yarımfinalda Lukas Kuçera (Çexiya) ilə döyüşəcək.

Əlli kiloqram çəkidə mübarizə aparan Tağı Nəsibov rəqibi Nikola Mihailoviç görüşə gəlmədiyindən qalib elan olunub. O, finalda mübarizə aparmaq üçün italiyalı Françesko Krusilla (İtaliya) ilə üz-üzə gələcək.

Məhəmmədəli Qasımzadə (57 kq) də dörddəbir final mərhələsini asan qələbə ilə adlayıb. Təmsilçimiz Tisiano Alkiatinin (İtaliya) ardınca Daniel Frankı (Macarıstan) da 5:0 hesabı ilə məğlub edib. M.Qasımzadə yarımfinalda bolqarıstanlı Viktorio İlyevlə münasibətinə aydınlıq gətirəcək.

Digər boksçularımızdan Vaqif Hacıyev (50 kq) Daniel İrofteyə (Rumıniya), Məhəmməd Quliyev (63 kq) Oner Seyilxana (Qazaxıstan) məğlub olaraq, mübarizəni dayandırıblar.

Beləliklə, yarımfinala yüksələn boksçularımızın sayı beşə çatıb. Daha öncə Bilal Nəzərov (46 kq) da dörddəbir final səddini keçib. O, yarımfinalda çexiyalı Maksimillian Plaçetka ilə qarşılaşacaq. Eyni çəki dərəcəsində Faiq Mollayev isə Nikolas Bonku (Rumıniya) sınağa çəkəcək.

Qeyd edək ki, beş boksçumuz yarımfinala yüksəldiyindən onların hər biri özü üçün azı bürünc medalı təmin edib. Mükafatların əyarı növbəti döyüşlərdə məlum olacaq. Millətlər kubokunda qaliblərin adları isə avqustun 14-də bilinəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.