İQTİSADİYYAT


Azərbaycanın beynəlxalq investisiya imkanları London Fond Birjasında müzakirə olunub

Bakı, 23 fevral, AZƏRTAC

Böyük Britaniyanın London Fond Birjasında "Azərbaycan: Beynəlxalq İnvestisiya qoyuluşuna hazırdırmı?" mövzusunda biznes seminar keçirilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) AZƏRTAC-a bildiriblər ki, qurumun icraçı direktoru Vüsal Qasımlı seminarın "Neft dövründən sonra iqtisadi artımın bərpası. Azərbaycan iqtisadiyyatının yenidən artım meyilləri" mövzusunda panel müzakirəsində çıxış edib. O bildirib ki, Azərbaycan iqtisadiyyatı Prezident İlham Əliyevin apardığı iqtisadi islahatlar nəticəsində yeni inkişaf trayektoriyasına qədəm qoyub. Ölkədə həm fiskal sahədə, həm də tədiyə balansında tarazlıq yaranıb: "Ölkənin strateji valyuta ehtiyatları 45 milyard dollara çatır ki, bu da 35 aylıq idxalın maliyyələşdirilməsinə imkan verir. Eyni zamanda, ölkənin strateji valyuta ehtiyatları, xarici borcundan 4 dəfəyə qədər çoxdur".

V.Qasımlı diqqətə çatdırıb ki, Azərbaycanda manatının sabitliyi təmin edilib, inflyasiya 2018–ci ilin yanvarında birrəqəmli həddə - 5,5 faizə qədər endirilib. İcraçı direktor aparılan islahatlar nəticəsində bank sektorunda kapitallaşma səviyyəsinin 2017-ci ildə 50 faizdən çox artdığını, eyni zamanda, bank sektorunda zərərdən mənfəətə keçidin təmin olunduğunu xüsusi vurğulayıb.

"Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu"nun yaradılması ilə bankların real sektoru maliyyələşdirməsi üçün çox gözəl imkan yaranıb. İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar həm Dünya Bankı həm də Davos İqtisadi Forumu, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı və xarici investorlar tərəfindən yüksək qiymətləndirilib. Hazırda Azərbaycan Şərqi Avropa və Mərkəzi Asiya bölgəsində ən islahatçı 3 ölkədən biri kimi təqdim olunur. Yaradılan əlverişli biznes mühiti, makroiqtisadi sabitlik və yeni iqtisadi artım nöqtələrinin təqdim edilməsi ölkəyə dünya investorlarının marağını artırır", - deyə V.Qasımlı qeyd edib.

İİTKM-in icraçı direktoru "London Fond Birjasında "Azərbaycan: Beynəlxalq İnvestisiya qoyuluşuna hazırdırmı?" mövzusunda təşkil edilən biznes seminar da Azərbaycana marağın artması baxımından çox əhəmiyyətli olduğunu deyib.

Qeyd edək ki, seminar zamanı "Böyük Britaniyanın Azərbaycan ilə ticarət və investisiya əlaqələri", "Beynəlxalq sərmayələr üçün imkanlar: Strateji Yol Xəritəsi və əsas inkişaf sektorları", "Azərbaycanın ən cəlbedici iqtisadi sektorları" mövzularında panel müzakirələri təşkil edilib.

“Paşa Bank”ın təşkilatçılığı ilə keçirilən seminarda Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Tahir Tağızadə, Azərbaycan Mərkəzi Bankı, eləcə də bir sıra yerli və beynəlxalq qurumların səlahiyyətli nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədi ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.